Vətənpərvər gənclik: Dövlətin apardığı uğurlu siyasətin nəticəsi
İSTİQAMƏT: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Bir dövlətin, millətin taleyi gənc nəsilin inkişaf səviyyəsindən asılıdır.
Hər bir dövlət, millət öz gələcəyini daha uğurlu qurmaq üçün gənclər siyasətini daim yeniləyir, gənclərin inkişafı proqramları icra edilir. Azərbaycanda da gənclər siyasəti bütün zamanlarda dövlətin əsas prioritetlərindən biri olub. Gənclərin xaricdə təhsil alması, bilik və bacarıqlarının artırılması, müasir dövrün tələblərinə uyğun özünü inkişaf proqramları hər zaman dövlət tərəfindən dəstəklənib. Bütün bunlarla yanaşı, bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Dövlətin və cəmiyyətin qaşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir.
“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu bu siyasətin həyata keçirilməsinin hüquqi, iqtisadi, siyasi və təşkilati əsaslarını, eləcə də əhalinin digər sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr sistemini müəyyən edir.
Eyni zamanda, “Dövlət gənclər siyasətinin mahiyyəti və prinsipləri”, “Dövlət gənclər siyasətinin həyata keçirilməsi qaydaları”, “Gənclərin hüquqlarının müdafiəsinin təmin olunması”, “Tədris müəssisələri ilə qarşılıqlı münasibətlərdə gənclərin hüquqlarının təmin olunması”, “Gənclərin sahibkarlıq fəaliyyətinin müdafiəsi”, “Gənclərin sosial inkişafı ilə əlaqədar fəaliyyətə yardım”, “Gənc vətəndaşlara və gənc ailələrə kredit verilməsi”, “Uşaqlı ailələrə müavinətlər”, “Əmək qabiliyyətini müvəqqəti itirməyə görə gənc işçilərə verilən müavinət”, “Xüsusi sosial ödənclər” və digər məsələlər qanunla tənzimlənir. ümumi olaraq, dövlətin apardığı gənclər siyasəti öz bəhrəsini verib və verməkdədir. Bu gün yüksək dövlət vəzifələrinə təyin olunan gənclər, yetişməkdə olan gənc mütəxəssislər bunu deməyə əsas verir.
Gənclərin savadlı olması ilə yanaşı, vətənpərvər ruhda böyüməsi də vacib amildir. Bu məsələ də daim dövlətin diqqətindədir. Prezident İlham Əliyev də gənclərlə bağlı çıxışlarında bu məqamlara xüsusi olaraq toxunur.
“Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir.
Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər”,-deyə Prezident İlham Əliyev 2019-cu ilin 1 fevral tarixində Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı vurğulayıb.
Göründüyü kimi, gənclər siyasəti indi də dövlətin əsas prioritetlərindən biridir. Gənclərin daim inkişafı üçün müxtəlif dövlət proqramlarının icrası bu gün də icrası davam etdirilir. Bu proqramlarda əsas istiqamətər isə təhsil və vətənpərvərlikdir. 2022-ci ilin 2 fevralında- Gənclər Günündə gənclərlə görüşən Prezident İlham Əliyev Qarabağın işğaldan azad olunmasında gənclərin rolundan danışaraq demişdi:
“Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.
Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”.
Göründüyü kimi, dövlətin apardığı gənclər siyasəti bütün sahələrdə öz müsbət nəticələrini verib. Bu gün də gənclərlə bağlı uğurla davam etdirilən proqramların nəticəsində artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil yetişib. Bu işin ardıcıl və davamlı aparılması onu deməyə əsas verir ki, gələcək nəsillər də məhz bu ideyalarla yetişəcək.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info