Zatulin yenə həddini aşdı: "Rusiyaya nota verilməlidir"

Zatulin yenə həddini aşdı: "Rusiyaya nota verilməlidir"

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin növbəti dəfə qərəzli açıqlamaları ilə diqqət çəkib. 

O, Ermənistanın “NEWS.am” saytına müsahibəsində ölkəmiz əleyhinə absurd ifadələr işlədib: 

"Macarıstanda erməni zabiti Qurgen Marqaryan da öldürülmüşdü. Ramil Səfərov bundan sonra Azərbaycanın Milli Qəhrəmanı oldu. Azərbaycanda cəmiyyətdə rusofobiya yaranıb, bizim Rus Evimizin fəaliyyəti də qadağan edilib". 

Zatulin skandal sözlərini belə yekunlaşdırıb: 

"Bu cür epidemiyalar xarakterikdir. Azərbaycan bu gün Rusiya ilə münasibətlərdən əhəmiyyətli dərəcədə daha az asılıdır. Çünki bu gün Qarabağda öz məqsədlərinə çatmaq eyforiyasından istifadəyə davam edir”. 

Göründüyü kimi, Zatulin yenə də öz ritorikasından əl çəkmir. O, hər fürsətdə Azərbaycanı hədələməyə çalışır və ölkəmiz əleyhində cəfəng fikirlər səsləndirir. Lakin onun özünün də etiraf etdiyi kimi, Azərbaycan Rusiya ilə münasibətlərdən asılı dövlət deyil.

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Zatulin həmişə anti-Azərbaycan ritorikasından çıxış edib: 

"O, daim Rusiyada erməni lobbisinin pulları ilə ölkəmiz əleyhinə siyasət aparıb. Lakin nə qədər qəribə də olsa, Rusiya tərəfi Konstantin Zatulini MDB işləri üzrə komitəsi sədrinin birinci müavini təyin edib. Halbuki o, Azərbaycanla yanaşı, digər müsəlman ölkələrinə qarşı da eyni ritorikadan çıxış edir. Qazaxıstan da bu şəxsin fəaliyyətin narazıdır".

Ekspert qeyd edib ki, Kreml  müsəlman ölkələrinə qarşı aqressiv mövqe sərgiləyən siyasətçiləri qabağa çəkir: 

"Hesab edirəm ki, Zatulinin mövqeyi rəsmi Moskvanın mövqeyi kimi dəyərləndirilməlidir. Çünki bu adam rəsmi şəxsdir və birbaşa Kremlin ruporudur. Zatulin Rusiyanın imperialist siyasətini dəstəkləyən şəxslərdən biridir". 

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan Konstantin Zatulinə görə Rusiyaya nota verməlidir: 

"Eyni zamanda, onu MDB işləri üzrə komitəsi sədrinin birinci müavini vəzifəsindən çıxarmaq lazımdır. Çünki Zatulin təxribatçı fikirlər söyləməklə MDB ölkələri arasında Rusiyaya olan etimadı ciddi şəkildə zəiflədir. Zatulinin vəzifəsindən azad edilməməsi Kremlin onun fikirlərində maraqlı olduğunu göstərir". 

Elmir Mustafa 
"Cebheinfo.az