Azərbaycanı dünyaya tanıdan əfsanə: Onu taleyi və ürəyi Bakıya gətirmişdi

Azərbaycanı dünyaya tanıdan əfsanə: Onu taleyi və ürəyi Bakıya gətirmişdi

Azərbaycan musiqisinin tarixində dərin iz buraxmış soyadlar var.

Onlardan biri də Maqomayevlərdir. Bu nəsil Azərbaycana iki böyük Müslüm Maqomayev bəxş edib. Biri klassik musiqimizin banilərindən olan bəstəkar Müslüm Maqomayev, digəri isə nəvəsi, bənzərsiz bariton səsilə dünya səhnələrini fəth etmiş əfsanəvi müğənni Müslüm Maqomayev. 

"Cümhuriyət"-in “Azərbaycanlı olmayan azərbaycanlılar” rubrikasında əslən Qroznıdan olan, lakin tale və ürək bağlılığı ilə Azərbaycana xidmət etmiş bu görkəmli ailənin hekayəsindn danışıb. 

Milli ruhu notlara çevirən ailə

Musiqi ilə nəfəs alan, millətin ruhunu notlara çevirən Maqomayevlər Azərbaycanın mədəni yaddaşına həkk olunmuş bir soyaddır. Müslüm Maqomayevin ailəsi və mənəvi kökləri 1942-ci ilin 17 avqustunda Bakı şəhərində dünyaya gələn Müslüm Maqomet oğlu Maqomayev teatr və müsiqi sənətinə dərin bağlara malik bir ailədə böyümüşdü. Onun taleyində musiqi və səhnə sevgisi təsadüfi deyildi. Bu, ona babalarından, valideynlərindən miras qalmışdı. Maqomayevin soy-kökü zəngin və çoxmillətli olsa da, o, həmişə qürurla özünü azərbaycanlı sayırdı. Milliyyətindən söz düşəndə deyərdi:

“Azərbaycan  atamdır, Rusiya  anam”.

Müslüm Maqomayevin babası, bəstəkar,dirijor, Azərbaycan klassik musiqisin banilərindən biridir. Baba Müslüm Maqomayev 1885-ci il sentyabrın 6-da Qroznı şəhərində anadan olub. Bəstəkarın atası Maqomet uşaq yaşlarında Qroznıya köçmüş bir silah ustası olub. Maqomayevlər ailəsində nəsildən-nəslə ötürülən rəvayətə görə, kiçik yaşlı Maqometi Qroznıya Şeyx Şamil gətirib. Nəvə Müslüm Maqomayevin xatirələrinə görə, onun babasının milli mənsubiyyəti və Qroznıya necə gəlib çıxması barədə dəqiq məlumat yoxdur.

Çeçen yazıçısı və dramaturqu Xalid Oşaev, Maqomayevlərin kumık mənşəli olduğunu yazıb. Müğənni Müslüm Maqomayev atasının anası, yəni nənəsi Bağdagül barədə danışarkən deyirdi ki, o, məşhur Terequlov ailəsinə mənsub olub. Bağdagül tanınmış teatr xadimləri Əli və Hənəfi Terequlovların doğma bacısı idi. Bu mənada, Müslüm Maqomayevin ailə kökləri həm də Rusiya və Tatarıstan teatr mühitinə uzanırdı. 

1900-cü ildə Baba- Müslüm Gori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasına dinləyici kimi qəbul olunur və o, burada Üzeyir Hacıbəyovla tanış olur və onların arasında yaxın dostluq yaranır. Hətta çox maraqlıdır ki, hər iki dost eyni gündə anadan olub və iki bacı ilə evlənirlər. 1902-ci ildə seminariya tələbələri kimi Müslüm Maqomayev və Üzeyir Hacıbəyov Maqomayevin atası Məhəmməd Maqomayevi ziyarət etmək üçün Kaxıya səfər edirlər. Maqomayevin atası orada “İçəri bazaar” adlı məhəllədə dəmirçi kimi çalışırdı. Bu səfərin xatirəsinə Məhəmməd Maqomayevin yaşadığı və işlədiyi evin divarına xatirə lövhəsi vurulur. 1911-ci ildə Bakıya köçən baba Maqomayev burada müəllimliklə yanaşı, Azərbaycan Musiqili Teatrı ilə əməkdaşlığa başlayır. Teatrın orkestrində skripka çalır, daha sonra dirijorluğa qədər yüksəlir. 1913-cü ildən etibarən o, özünün monumental əsəri – “Şah İsmayıl” operası üzərində işləməyə başlayır.

Bu opera milli musiqinin operaya inteqrasiyasında əsl zirvədir. Əsərin premyerası çətinliklərlə olsa da, 1919-cu ilin martında baş tutur və böyük uğur qazanır. 1938-ci ildə Moskvada Azərbaycan incəsənətinin qələbəsi kimi təqdim olunur. Baba Müslüm görkəmli opera ifaçısı Hənəfi Terequlovun və Üzeyir bəyin həyat yoldaşı Məleyka xanımın bacısı Bağdagül Terequlova ilə ailə qurur. Bu izdivacdan Camaləddin və Maqomet adlı iki oğlu dünyaya gəlir. Camaləddin Maqomayev sonralar Azərbaycan SSR-in sənaye naziri olur. Nəvə Müslüm babası haqqında belə yazır:

"Yaxınlarının dediyinə görə, o, olduqca səxavətli, insanlara yardım etməyə daim hazır bir insan kimi tanınıb. Bunu təsdiqləyən qiymətli sənədlərdən biri də Üzeyir Hacıbəyovun ona ünvanladığı məktubdur. 

Üzeyir yazırdı: 

“…Mən sakitcə öz işimlə məşğul ola bilirəm, bunun nəticəsində konservatoriyaya daxil oldum; bütün bunları yalnız sənə – mənə kömək etmək istəyi ilə yaşayan dostum, sənin qurban verdiyin rahatlıq və sağlamlığa borcluyam… Mən bu yaxşılığı sənə necə qaytara bilərəm?..” 

Bu məktub 1914-cü ildə Sankt-Peterburqdan yazılmışdı. Hacıbəyov həmin vaxt təhsilini davam etdirmək üçün konservatoriyaya getmişdi. Babam dostluğun qədrini bilən insan idi. Səxavət və ürək genişliyi onun təbiətində vardı. Çox az adam bilir ki, “Koroğlu” mövzusunda opera yazmaq ideyası eyni vaxtda həm Maqomayevin, həm də Hacıbəyovun ağlına gəlmişdi. Babam bu barədə xəbər tutanda başladığı partituranı cırmış və demişdi:

“Üzeyir bu əsəri məndən daha yaxşı yazacaq. Nənəm Bağdagül danışardı ki, babamın vərəmlə xəstələnməsinin səbəbi Kür çayına atılaraq nənəmi xilas etməsi olub. Haradasa Qafqazda olublar o vaxt. Bu hekayəni eşidəndə əmim Camal gülümsəyər, zarafatla deyərdi ki, pensiyaya çıxan kimi başlayacağam xatirələrimi yazmağa. Amma yazmağa macal tapmadı…" 

Soyun ən parlaq ulduzu

Lakin bu soyun ən parlaq ulduzu, baba Müslümün nəvəsi  Müslüm Maqomayev idi. O, öz fitri istedadı, zəngin səsi və unudulmaz ifaları ilə təkcə nənə-baba yolunu davam etdirmədi, onu dünya səhnəsinə daşıdı. Maqomayev soyadı artıq təkcə musiqidə yox, Azərbaycan xalqının yaddaşında bir mədəniyyət simvoluna çevrildi. Nəvə Müslümün atası Maqomet Maqomayev (1916–1945) — teatr rəssamı olub. Gənc yaşlarında müharibəyə yollanmış, İkinci Dünya müharibəsinin son günlərində, qələbəyə cəmi iki həftə qalmış Almaniyada həlak olub. 7 il atasının ölümünü kiçik Müslümdən gizlədirlər və yalnız 10 yaşında balaca Müslüm əsl həqiqəti öyrənir.Müslüm atasını görmədən böyüsə də, atasının sənətə olan həvəsi və ailəsinə bağlılığı onun həyatında silinməz iz buraxır.

Sənətkarın anası Ayşət Maqomayeva (səhnə adı Kinjalova; 1921–2003)  peşəkar dram aktrisası idi. Stalin dövründə xüsusi təqaüdlə oxuyan nadir qadın sənətçilərdən biri idi. Ayşətin atası türkmən, anası isə qarışıq mənşəli - yarı adıgey, yarı rus idi. Bu rəngarəng genetik və mədəni irs, Müslüm Maqomayevin dünyagörüşündə özünəməxsus iz qoymuşdu. Maqomet Maqomayev və aktrisa Ayşət Kinjalova 1940-cı illərin əvvəllərində Maykopda tanış olurlar. Həmin vaxt Ayşət yerli dram teatrının səhnəsində parlayan gənc aktrisa, Maqomet isə tamaşaların bədii tərtibatçısı idi. Onların arasındakı sənət yaxınlığı qısa zamanda səmimi münasibətə çevrilir.

Bu iki yaradıcı gənc Bakıya köçür və evlənirlər. Bu izdivacdan sonradan bütün Sovet İttifaqının sevimlisinə çevriləcək oğulları Müslüm dünyaya gəlir. 1945-ci ilin aprelində, müharibənin son günlərində Müslüm atasını cəbhədə itirir. Bu böyük itkidən sonra anası Ayşət xanım Murmanska köçür, orada oblast dram teatrında çalışır və bir müddət sonra yenidən ailə qurur. Kiçik Müslüm isə Bakıda qalır və atasının böyük qardaşı, Azərbaycanın Nazirlər Soveti sədrinin müavini Camal Maqomayevin himayəsində böyüməyə başlayır. Camal Maqomayev ciddi , nizam-intizamı sevən bir insan idi. Lakin Müslümə qarşı hər zaman ədalətli münasibət göstərib.

Ona özünü heç vaxt yetim kimi hiss etməyə imkan vermiyib. Camalın rəsmi musiqi təhsili olmasa da, fortepiano və röyalda yaxşı çalırdı, musiqiyə xüsusi həssaslığı vardı. Məhz bu duyumla Müslümün qeyri-adi istedadını ilk olaraq o sezdi və bu istedadın qarşısında məsuliyyət hiss etdi, onu inkişaf etdirmək lazım idi. Müslüm gözəl musiqi duyumu, saf və parlaq səsi ilə Bakı Konservatoriyası nəzdindəki musiqi məktəbinin bəstəkarlıq və fortepiano sinfinə qəbul olunur.

Lakin bu arada anası oğlunu görmək ümidi ilə Bakıya gəlir. Ayşəti ilk günlərdən Maqomayevlər ailəsi sevmir. Evləndikdən sonra Müslümlə görüşməsinə narazılıq edirlər. Bakıdan geri döndüyündə dəmir yolu vağzalında əvvəlcədən razılaşdırılmış şəkildə dayə uşağı “bir anlığa” tək qoyur. Ayşət "məcbur" qalaraq onu özü ilə birlikdə Rusiyaya – Vışniy Voloçekə aparır.

Böyük Bakının rəngarəngliyindən sonra kiçik və sakit bu şəhər Müslüm üçün tamam fərqli bir dünya idi. Burada onu gözləyən ruhən çox yaxın bir sənət növü – teatr idi. Səhnə arxasının sehri, məşqlərin sehrli ab-havası, orkestrin çalğıya köklənərkən səsləndirdiyi o sirli səslər Müslümün qəlbində yeni bir aləm açır. Lakin bir ildən sonra Ayşət anlayır ki, oğlunun musiqi təhsilini davam etdirməsi üçün Bakıya qayıtması daha doğru olar. Beləliklə, Müslüm yenidən doğma şəhərinə dönür. 

Bakıda onu yeni tale gözləyirdi... 

Onun musiqiyə marağı tez üzə çıxır. O, Bakı Konservatoriyası nəzdindəki musiqi məktəbində (indiki Bülbül adına ixtisaslaşmış musiqi məktəbi) fortepiano və kompozisiya üzrə təhsil alır və tanınmış violonçel ifaçısı Vladimir Anşelyeviç ona fərdi dərslər verməyə başlayır. Anşelyeviç onun səsini formalaşdırmasa da, vokal texnikasını, xüsusən də necə zərifliklə işləmək lazım olduğunu öyrədir. Bu təcrübə illər sonra Müslümün “Sevilya bərbəri” operasında Fiqaro roluna hazırlaşarkən çox işə yarayacaq.

1956-cı ildə Maqomayev Asəf Zeynallı adına Bakı musiqi məktəbinə daxil olur. Burada o, müəllimi Aleksandr Milovanov və uzun illər onun konsertmeysteri olmuş Tamara Kretinqlə birlikdə çalışır. Maqomayevin etirafına görə, məktəbdə onu pionerlər sırasından çıxarıblar və o heç vaxt komsomola daxil ola bilməyib.

Musiqiyə qarşı içindəki coşqu isə ailəsinin qorxularına baxmayaraq onu səhnəyə çəkirdi. 15 yaşında, ailəsindən gizli şəkildə Bakı dənizçilərinin Mədəniyyət Evində ilk dəfə səhnəyə çıxır. Ailəsi erkən səhnə çıxışlarının səsinə zərər verə biləcəyindən ehtiyat edirdi. Amma Müslüm öz səsinin artıq oturduğuna inanırdı. 1961-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Mahnı və Rəqs Ansamblında peşəkar səhnə debütünü etdi.

Ardınca 1962-ci ildə Helsinkidə keçirilən VIII Ümumdünya Gənclər və Tələbələr Festivalında laureat oldu. Əsl şöhrət isə 1963-cü il martın 26-da Kreml sarayında keçirilən Azərbaycan incəsənəti festivalının yekun konsertindən sonra gəldi. 1963-cü ildən etibarən o, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olur, lakin konsert fəaliyyətini davam etdirir. 1964–1965-ci illərdə İtaliyanın məşhur “La Skala” teatrında təcrübə keçir. O zaman belə bir şaiyə yayılır ki, Maqomayev Milan teatrının truppasına daxil olmaq barədə təklif alıb.lakin bundan imtina edib. İmtinanın səbəbi yəqin ki aydındır... 

Bir zənglə səhnəyə qayıdış

1960-cı illərin sonlarına yaxın Maqomayevin sənət dünyasında bir qəhrəmanlıq hekayəsi yaşanır. Rostov Filarmoniyası maliyyə çətinlikləri yaşayırdı, Don kazaklarının Mahnı və Rəqs Ansamblının isə Moskvada planlaşdırılan qastrollar üçün geyimləri yox idi. Maqomayev konsert verməklə yardım etməyə qərar verir və Rostov stadionunda 45 min tamaşaçının qarşısında konsert verir. Plan üzrə yalnız birinci hissədə çıxış etməli idi, amma o, iki saatdan artıq səhnədə qalır. 202 rubl yerinə 606 rubl alır. Adminstratorlar bu məbləğin qanuni olduğunu desələr də, sonradan məlum oldu ki, bu belə deyil.

Bu səbəblə "OBXSS" xətti ilə cinayət işi açılır. Həmin vaxt Maqomayev Parisdəki məşhur “Olimpiya” zalında çıxış edirdi. Hadisədən xəbər tutan mühacir dairələr ona SSRİ-yə dönməməyi təklif edirlər. Amma o, vətənindən uzaqda yaşamağı təsəvvür belə edə bilmirdi. Bilirdi ki, belə bir addım onun doğmalarını, xüsusilə də yüksək vəzifədə olan əmisi Camal Maqomayevi çətin vəziyyətə sala bilər. Nəticə olaraq, heç bir qanun pozuntusu aşkar edilmədi və çünki sənətçi aldığı qonorar üçün rəsmi sənədə imza atmışdı. Amma buna baxmayaraq, SSRİ Mədəniyyət Nazirliyi onun Azərbaycan hüdudlarından kənarda çıxışlarına qadağa qoyur.

Bu müddəti səmərəli dəyərləndirən Maqomayev Bəstəkar Şövkət Məmmədovanın sinfində oxuyaraq Bakı Konservatoriyasını 1968-ci ildə bitirir. Sənətçiyə olan qadağa KQB sədri Yuri Andropovun şəxsən Mədəniyyət naziri Yekaterina Furtsovaya zəng vuraraq, Maqomayevin KQB baxımından “təmiz” olduğunu bildirməsindən sonra götürülür. Bu zəngdən sonra KQB-nin yubiley konsertində çıxış edərək yenidən böyük səhnəyə qayıdır. 1969-cu ildə Sopotda keçirilən Beynəlxalq Musiqi Festivalında Müslüm Maqomayev birinci mükafata layiq görülür.

1970-ci ildə Kann şəhərində keçirilən Beynəlxalq Qrammofon Yazıları və Musiqi Nəşrləri Festivalında isə o, qızıl disk mükafatını qazanır. 1973-cü ildə məşhur “Bremən musiqiçilərinin iziylə” adlı cizgi filminin ikinci hissəsində Trubadur, Casus və Atamanşanın səslərini ifa edir. 1975–1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olur və bu orkestr ilə Sovet İttifaqının bir çox şəhərlərində uğurlu konsertlər verir.

Heydər Əliyevlə yaxın dostluq

1960–70-ci illərdə Müslüm Maqomayevin SSRİ-də şöhrəti hədsiz idi. Onun çıxış etdiyi stadionlara on minlərlə insan toplaşırdı. Televiziya efirlərində tez-tez görünür, plastinkaları milyonlarla satılırdı. O, təkcə Sovet İttifaqında deyil, Fransa, Bolqarıstan, Almaniya Demokratik Respublikası, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə də böyük uğurla çıxışlar edirdi. O, həmçinin “Musiqi-80” və “Musiqi-81” adlı populyar teleproqramların aparıcısı olmuşdu. Maqomayevin repertuarında 600-dən çox əsər ariyalar, romanslar və mahnılar vardı.

O, 20-dən artıq mahnının, müxtəlif teatr tamaşalarının, müzikl və filmlərin musiqi müəllifidir. Eyni zamanda, dünya opera və estrada ulduzları haqqında televiziya verilişlərinin müəllifi və aparıcısı olmuş, məşhur Amerika müğənnisi Mario Lanza haqqında kitab yazmışdı. 1997-ci ildə onun şərəfinə "1974 SP1" kodlu asteroidə (4980) "Magomaev" adı verildi. Müslüm Maqamayev ömrünün son illərini Moskva şəhərində keçirir.

Konsert fəaliyyətindən uzaqlaşıb daha çox rəssamlıqla məşğul olur. İnternet vasitəsilə pərəstişkarları ilə yazışırdı. Səhnədən çəkilməsini belə izah edirdi: “Hər bir səsə, hər bir talanta Tanrı müəyyən bir zaman verir, onu keçmək olmaz”. Amma onun səsində heç vaxt ciddi problemi olmayıb. Müslim Maqomayev uzun illər ümummilli lider Heydər Əliyevlə yaxın dostluq münasibətlərində olub. 2003-cü ildə H.Əliyevin vəfatı sənətçini sarsıdır və o, daha da özünə qapanır. Gənclik illərindən ürəyində və ağciyərlərində narahatlıqlar olsa da, siqareti heç vaxt tam tərgidə bilmir, bəzən gün ərzində üç qutu siqaret çəkdiyi deyilirdi. Maqomayevin ifa etdiyi son mahnılardan biri Sergey Yeseninin sözlərinə yazılmış “Sağ ol, Bakı” mahnısı idi.

O, bu mahnını 2007-ci ilin martında lentə almışdı. Müslim Maqomayev 2008-ci il oktyabrın 25-də, 67 yaşında, ürəyin işemik xəstəliyindən , həyat yoldaşı Tamara Sinyavskayanın yanında, Moskvada vəfat edir.

O, özünün bəstələdiyi və ifa etdiyi “Azərbaycan” mahnısının sədaları altında son mənzilə yola salınır. Bu mahnı, sanki onun Vətən ölməz sənətinə yazılmış vida məktubu idi. Müslüm Maqomayev Fəxri Xiyabanda, öz babası, məşhur bəstəkar və dirijor Müslüm Maqomayevin məzarının yanında dəfn edilir. Müslüm Maqomayevin şəxsi həyatı da onun taleyindəki musiqi qədər mürəkkəb və hiss dolu olub. 

Otellərdə birgə yerləşmək üçün xüsusi sənəd 

Hər zaman SSRİ məkanında qadınların sevimlisi olan Maqomayevin ilk həyat yoldaşı Ofeliya Vəliyeva olub. 1960–1963-cü illər arasında davam edən bu nikah Bakı Musiqi Məktəbində tanışlıqdan başlamışdı. Onlar bir kursda oxuyurdular. Ofeliyanın atası Şəmsəddin Vəli oğlu Vəliyev Azərbaycan Milli Elmlər Akademiyasında çalışan tanınmış kimyaçı alim idi. Bu evlilikdən Maqomayevin yeganə övladı - qızı Marina (1963-cü il) dünyaya gəlir. Marinanın sözlərinə görə, anası yarıazərbaycanlı, yarırus əsillidir. Hazırda Marina ABŞ-də yaşayır.

1963-cü ilin payızında, artıq şöhrət qazanmağa başladığı illərdə Maqomayev Moskvada, Dövlət Radiosunun estrada redaksiyasında musiqi redaktoru işləyən Lyudmila (Mila) Kareva ilə tanış olur. Bu tanışlıq illərlə davam romantik münasibətə çevrilir. Onların birgə ilk səfəri 1964-cü ilin yanvarında Xabarovska baş tutur. Üç il sonra isə SSRİ daxili işlər naziri Nikolay Şelokov onların otellərdə birgə yerləşməsi üçün xüsusi sənəd imzalayır.

Bu sənəddə onların “faktiki həyat yoldaşları” olduğu qeyd olunurdu. Maqomayev bu illərdə Karevanın həyatında mühüm rol oynayır, ona mənəvi və maddi dəstək göstərir. 1980-ci illərdən etibarən Mila Kareva Nyu-Yorkda sənətkarın dəstəyi ilə alınan mənzildə yaşayır. Kareva sonradan “Birinci Kanal”ın hazırladığı “Müslüm Maqomayev. Yer üzünün ən gözəl səsi” adlı sənədli filmdə də iştirak edir. Onların münasibətləri “Maqomayev” bədii filmində də əks olunub. Müslüm Maqomayevin ikinci və rəsmi nikahda olan həyat yoldaşı məşhur opera sənətçisi, SSRİ xalq artisti Tamara Sinyavskaya olub.

Onların tanışlığı 1972-ci ilin payızında Bakıda olub və 1974-cü ilin 23 noyabrında evləniblər. Bu nikahın qeydiyyatını isə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Tahir Salahov təşkil edir. Tamara xanım həyatının sonuna qədər onun yanından ayrılmadı... 

Səbinə Uğur
"Cebheinfo.az"