"Mərhəmət paltarı": Şahzadə Diananın əşyaları rekord məbləğə satıldı

ABŞ-nin Los-Anceles şəhərində şahzadə Diana ilə bağlı ən böyük əşyalar kolleksiyası hərraca çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Uels şahzadəsi Dianaya məxsus, üzərində çiçək naxışları olan ipək libas cümə axşamı keçirilən hərracda 520 min ABŞ dollarına satılıb.
Bu geyim "mərhəmət paltarı" kimi tanınır - Diana onu tez-tez xəstəxanalara səfərləri zamanı geyinirdi. Lotun ilkin qiyməti cəmi 50 min dollar idi.
Ümumilikdə hərracda şahzadə Diana və digər Britaniya kral ailəsi üzvləri ilə bağlı 300-dən çox əşya satışa çıxarılıb. Onlar arasında Fransanın keçmiş birinci xanımı Bernadet Şirakın şahzadəyə hədiyyə etdiyi "Dior" çantası da var (5 min dollar start qiyməti ilə 325 min dollara satılıb), bal ayı zamanı Diananın qoyduğu şaftalı rəngli papaq (5 min dollar start qiyməti ilə 26 min dollara satılıb), eləcə də onun paltarları, ayaqqabıları, əl çantaları, imzalı açıqcalar və fotolar yer alır.
Hərrac təşkilatçıları bəyan ediblər ki, bu kolleksiya vasitəsilə iştirakçılara kral həyatının daxili dünyasını görmək, bu insanların kim olduğunu və nəyə dəyər verdiklərini anlamaq imkanı yaradılıb:
"Bu geyimlər və əşyalar tacın arxasında dayanan insani hekayələri açır. Şahzadə Diananın üslubu bu gün də aktuallığını qoruyur - təkcə gözəlliyə görə yox, həm də empatiya ilə dolu olduğuna görə. O, xalqın şahzadəsi idi və elə də qalır", - deyə hərrac evi vurğulayıb.
"Cebheinfo.az"