Polis Eçmiədzin kilsəsində axtarış aparır

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət axtarış əməliyyatı məqsədilə Müqəddəs Eçmiədzin kilsəsinə gəliblər.
“Cebheinfo.az"-ın məlumatına görə, bu barədə vəkil Mihran Poqosyan açıqlama verib. Vəkil qeyd edib ki, hüquq-mühafizə orqanları əməkdaşları ərazidə olublar, lakin Müqəddəs Eçmiədzinin binasına daxil olmayıblar.
Onlar bu gün Ruhanilər Məclisində iştirak edən arxiyepiskop Mikael Acapaxyanla maraqlanıblar. Hazırda vətəndaşlar vəziyyəti müşahidə etmək üçün Müqəddəs Eçmiədzin yeparxiyasına toplaşıblar. Polis onlardan bəzilərini saxlayıb.
Qeyd edək ki, dünən arxiyepiskop Mikael Acapaxyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi - “hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtinaya və ya konstitusiya quruluşunu devirməyə açıq çağırışlar” ittihamı ilə cinayət işi açılıb. Bu isə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Bu gün səhər hüquq-mühafizə orqanlarının 30 nəfərə yaxın maskalı əməkdaşı Şirak vilayətindəki yepaxiyanın binasına daxil olsa da, Acapaxyanı orada tapa bilməyiblər.
Müşfiq Abdulla
“Cebheinfo.az”