İrəvandan Berlinə yol və çiçəkləyən şaftalı ağacının altında səssizcə bitən həyat

İrəvandan Berlinə yol və çiçəkləyən şaftalı ağacının altında səssizcə bitən həyat

1914-cü ilin yazı. İrəvan bağlarının ən gözəl çağları idi. Meyvə ağacları çiçəkləmişdi, torpaq yamyaşıl otların arasından görünmürdü. Uzaqdan baxanda elə bil İrəvan əyninə bəyaz və çəhrayı çiçəklərdən köynək,otlardan isə yaşıl tuman geyinmişdi. 

Başından qar əskik olmayan Ağrı dağı isə bu bənzərsiz mənzərədə bəyaz örtü kimi görünürdü. Zəngi çayı aşağıdan axır, bir az yuxarıda isə “Abu Həyat” bulağının səsi bu gözəlliyə bir ahəng qatırdı. İbrahimlə Məhəmməd ərik ağacının altında, yaşıl otların üstündə uzanmış, söhbət edirdilər. Onlar həm dost, həm də dayıoğlu-bibioğlu idilər. Məhəmməd birdən İbrahimə tərəf dönüb soruşdu: 

– İbrahim, sən hər şeyi əvvəldən hiss edirsən. Mənim də gələcəyimi deyə bilərsən? 

İbrahim ona diqqətlə baxdı. Bir anlıq susdu. Sanki içindən soyuq dalğa keçdi. Sonra ard-arda, fasilə vermədən dedi: 

– Bir neçə ildən sonra siz burada yaşamayacaqsınız. Yaxınlarınızın bir qismi öldürüləcək, qalanlar isə didərgin düşəcək. Sən də ailəni itirəcəksən. Amma başqa bir ölkədə yenidən evlənəcək, dörd övlad sahibi olacaqsan. 

Məhəmməd heç bir söz demədi. İbrahim də susdu. Bir neçə saniyə keçdi. Sonra Məhəmməd dilləndi:

 – Adam adama belə söz deyər? Həm də inanmıram sənə... 

O zamandan otuz il keçmişdi. Məhəmməd kişi Əfruzla birlikdə çətinliklə tikdikləri iki otaqlı evin həyətində, şaftalı ağacının altında oturmuşdu. Başını qaldırıb budaqlara baxdı və bir zamanlar İrəvanda, ərik ağacının altında bibisi oğlu İbrahimlə etdiyi söhbəti xatırladı. O söhbətdən dörd il sonra, 1918-ci ilin yazında baş verənlər gözlərinin önündə canlandı. 

Həmin günlərdə ermənilər türkləri doğma yurdlarından qovur, kəndləri viran qoyur, əhalini isə amansızlıqla qırırdılar. Silahsız əhalinin qarşısında mütəşəkkil və silahlı erməni dəstələri vardı. Məhəmməd o qırğınlarda həyətdəki qoz ağacının başına dırmaşaraq gizlənmiş, sonra gecə ikən Dəlmə bağlarına qaçmışdı. 

Ermənilər qadın və uşaqları soyundurub damlara doldurmuş, sonra da od vurub yandırmışdılar. Damların içindən yüksələn qışqırıq, inilti illərlə Məhəmmədin kabusu oldu. Məhəmməd tez-tez İbrahimin dediklərini xatırlayırdı. "Dörd övladın olacaq" – bu söz yaddaşına həkk olmuşdu. 

İllər keçır, onun beş övladı olur. Ancaq balaca Nəriman göy öskürəyə tutulur. Türkəçarə edən həkimlər qan alınmalı olduğunu deyirlər. Balaca Nəriman qan axmadan gözlərini əbədi yumur. İbrahimin dediyi gerçəyə çevrilir. 

İndi o, daha çox Əlini düşünürdü. Böyük oğlu, 21 yaşlı Əli neçə aydı Almaniyada əsir idi. Anası Əfruzun gözləri ağlamaqdan tutulmuşdu. Məhəmməd kişinin bircə təsəllisi qalmışdı: Əgər İbrahim dörd övlad demişdisə, deməli, Əli sağ-salamat qayıdacaqdı... 

Əli Məhəmməd oğlu Məmmədov 1923-cü ildə Gəncədə, irəvanlı ailədə dünyaya gəlib. Ailəsi onun doğulduğu ayı dəqiq xatırlamırdı, bu səbəbdən müharibədən sonra Qələbə Gününü onun doğum günü kimi qeyd edirdilər. 1941-ci ildə məktəbi qızıl attestatla bitirir. Ədəbiyyata böyük həvəsi vardı. 16 yaşında yazdığı pyes və şeirlər bu günə kimi saxlanılır. 

Əli məktəbi bitirən il müharibə başlayır. Onu Tiflisə, aviasiya üzrə hərbi-təlim məktəbinə göndərirlər. Altı aylıq təlimdən sonra gənc Əli cəbhəyə yollanır. İlk döyüşü müharibənin şərq cəbhəsi Kurskda olur. SSRİ, Polşa,Yuqoslaviya, İtaliya və ADR-in birgə istehsalı olan "Azadlıq" ("Освобождение") filminə hər baxanda deyirdi ki, mən də Dnepri keçmişəm və sonra əlavə edərdi:

“O gün Dneprin sularında saysız-hesabsız əsgər papağı üzürdü. Həlak olan əsgərlərin papaqları”. 

1943-cü ildə Kiyev ətrafında gedən döyüşlərin birində yaxınlığında mərmi partlayır. Əli ayağından ağır yaralanır, huşunu itirir. Gözlərini açanda qarşısında alman əsgərlərini görür. Yaralı olduğu üçün almanlar onu öldürmək istəyirlər. Elə bu anda Nikolay adlı rota komandiri araya girir, almanlara başa salır ki, Əli sağdır. Sonra onu yerindən qaldırır və əlindən tutub zorla yeriməyə vadar edir. Əli iki il əsirlik həyatı yaşayır. Günlərin birində iki alman əsgəri ona yaxınlaşır və soruşurlar: 

-“Du bist Jude?”( “Sən yəhudisən?) 

Əli bu sözləri “еда” – “yemək” kimi anlayır və ümidlə “hə” cavabını verir. Cavab verən kimi əsgərlər onu yerə yıxıb döyməyə başlayırlar. Nə baş verdiyini anlamadan ağrı  içində çırpınır. Yenə də köməyinə rota komandiri Nikolay çatır. Onu almanların əlindən alır, səbəbini soruşur. Almanlar deyir: “Bu yəhudidir.” Nikolay isə “O, yəhudi deyil,müsəlmandır”,-deyə bildirir. Əsirlikdə almanlar yeyib tulladıqları kartof qabıqlarını əsirlərə atırdılar, amma o qabıqlara bir addım yaxınlaşanlar güllələnirdi.

Əli Məmmədov o günləri belə xatırlayırdı:

“1945-ci ilin aprelində oyandıq ki, itlərin səsi gəlmir. Halbuki hər səhər onların hürüşməsinə gözlərimizi açırdıq. Baxdıq ki, nə almanlar var, nə də itlər. Qəribə səssizlikdir. Birdən tank səsləri eşidildi. Qəfil barakların qapısı açıldı. Qarşımızda rus polkovniki dayanmışdı. Bizi görəndə ağladı...” 

Əli və digər əsirlər birbaşa xəstəxanaya aparılır. Beş ay müalicə aldıqdan sonra Polşanın Krakov şəhərində hərbi xidmətini davam etdirir. 1946-cı ilin aprelində Əli vətənə- Azərbaycana dönür. Göstərdiyi igidlik və qəhramanlığa görə orden və medalla təltif olunur.  O, əvvəlcə Tibb Universitetinə daxil olur, lakin maddi çətinliklər səbəbilə təhsilini yarımçıq qoyur. Gəncəyə qayıdaraq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsində oxumağa başlayır. Elə burada da gələcək həyat yoldaşı ilə tanış olur, ailə qurur və beş övlad böyüdürlər. 

P.S. Bütün bu yaşananlardan Məhəmməd kişinin heç vaxt xəbəri olmur. Onun ürəyi 21 yaşlı oğlunun əsirlikdə necə zülmlər çəkdiyi düşüncəsinə dözmür. 1944-cü ilin aprelində, həyətdəki çiçəkləyən şaftalı ağacının altında səssizcə gözlərini həyata əbədi yumur… 

Səbinə Uğur 
"Cebheinfo.az"