15 min insan çətin durumda: “Mən körpünün bu üzündə qalmışam, FHN o biri tərəfdə...” - İcra nümayəndəsi

Ötən gecədən başlayan güclü yağış bir neçə rayonda müəyyən fəsadlar törədib.
Astara rayonunda çaylar daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub. Astara rayonunun Vaqo kəndində körpü uçub.
Körpünün uçması ilə kəndlər arasında əlaqə kəsilib.
Hazırkı durumla bağlı Cebhe.info-ya danışan Astara rayon İcra Hakimiyyətinin Vaqo kəndinin daxil olduğu Siyaku kənd İƏD üzrə nümayəndəsi Xəlil Zahirov körpünün 3 nümayəndəliyi birləşdiyini bildirib:
“Körpü aşmaq üzrəydi, sakinlər də burdaydı. Körpü aşdı, bu haqda rəhbərliyə məlumat vermişəm. Fövqəladə Hallar Nazirliyindən də gəliblər. Sözügedən körpü Vaqo kəndini Siyaku, Miki, Toradi, Hamoşam kəndləri ilə birləşdirir.
Körpü üç nümayəndəliyi birləşdirən körpüdür. Bu üç nümayəndəlikdə ümumilikdə 40 kənd var, 15 min əhali yaşayır. Gediş-gəliş tamamilə bağlanıb. Bizim nümayəndəlikdə ümumi olaraq 6 məktəb var, məktəbin biri çayın digər üzündə qalıb. Vaqo kəndinin bir məktəbi var, çayın o tayında da sakinlər yaşadığı üçün həmin şagirdlər məktəbə gedə bilməyiblər. Yəni rayon mərkəzi, xəstəxana ilə əlaqə tamamilə kəsilib”.
Qurum nümayəndəsi sakinlərə böyük məbləğdə ziyan dəydiyini açıqlayıb:
“Gediş-gəlişin nə zaman bərpa olacağını bilmirəm, FHN-nin əməkdaşları burdadır. Mən özüm körpünün bu üzündəyəm, təxminən, aramızda 20-25 metr məsafə var, danışa bilmirik. Körpünün bərpası, inşası haqqında onlar orada qərar qəbul edəcəklər. Sakinlərin təsərrüfatlarına böyük ziyan dəyib. O ziyanı sadalamaq saatlarla vaxt aparacaq. Gün yeni başlayıb, dəyən ziyan hesablanacaq, məlumat veriləcək”.
Günay Şahmar
Cebhe.info