“Allah "ilişki uzmanı"nın evini yıxsın” - Tanınmış mediator

Beynəlxalq hüquq üzrə professor, mediator Fərhad Mehdiyev şəxsi “Facebook” hesabında boşanma hallarının artması ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
“Cebheinfo.az” xəbər verir ki, o, sosial şəbəkələrdə “ilişki uzmanı” kimi tanınan şəxslərin boşanmaların artmasında mühüm rol oynadığını vurğulayıb.
Fərhad Mehdiyevin sözlərinə görə, özləri ciddi və uzunömürlü münasibət yaşamayan şəxslər “TikTok” və “Instagram”da insanlara münasibətlərə dair yanlış mesajlar ötürür və insanlara reallıqdan uzaq gözləntilər aşılayırlar:
“Boşanma sayının artmasına səbəb olan həm də özünü "ilişki uzmanı" kimi gələmə verən, əslində də özlərinin heç bir ciddi və uzun ömürlü münasibəti olmayan şarlatan və maskalı insanlardır. Məsələn, podruqası ilə kafedə oturan qız podruqasını kameradan çıxarır, masada 2 ədəd bokal var və yazır: "Hər görüşünüz ilk görüşünüz kimi həyəcanlı olmalıdır".
Bunu oxuyan, 2 uşaq anası olan Fatmanisə gözləyir ki, əri evə gələndə əlində buket gətirsin. Günlük 30-40 manat qazanan əri Mamed də uşağın repetitor pulunun vaxtını gəldiyini düşünərək 1-2 saat artıq işləməli olur.
Axşam evə gec gəlir, başını atır yatır. Fatmanisə da düşünür ki, Mamed onu artıq sevmir, əslində problemlər Mamedə şərait yaratmır Fatmanisəni sevsin. Fatmanisəni başqa kişilər sevə bilər, amma 2-3 gecəlik, Fatmanisənin məsuliyyətini üstlərinə almamaq şərtilə".
O qeyd edib ki, müxtəlif "kouç"lar da Fatmanisınnu inandırıb:
"Onu insndırıblar ki, öz taleyi öz əlindədir, özü işləyib milyoner ola bilər, o da boşanmaya verir, ailə də pərişan olur. Ümumiyyətlə, gənclərimiz ailə, yuva qurmaq üçün evlənmirlər.
İlkin tanışıqlıq vaxtı yaşadıqları o həyəcan üçün ailə qururlar, amma o həyəcan təbii olaraq kəsilir, o romantik görüşlər artıq olmur. Onların yerinə daha əvvəl valideyinlərin çəkdikləri məişət problemləri üzə çıxır və həllini gözləyir, bunun da sonunun necə olduğu bəllidir. Nəticə olaraq, Allah mərdimazarın, yəni "ilişki uzmanı"nın evini yıxsın”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”