Arzularının məkanındakı ŞƏHİD

Arzularının məkanındakı ŞƏHİD

Bu gün İkinci Qarabağ müharibəsinin 3-cü ili tamam olur.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Bu tarix Anım Günü olmaqla bərabər, həm də Zəfər tariximizin, tarixən Azərbaycana mənsub olan Qarabağ torpaqlarının yenidən işğaldan azad olunmasının başlanğıc nöqtəsidir.

Zəfər tariximizi isə öz qanı, canı hesabına, qorxmadan irəli atılan, vətən sevgisini, torpaq sevdasını canından üstün tutanlar yazdılar.

Cebhe.info xatırladır ki, canını torpaq uğrunda sipər edən, düşməndən qorxmayan, qisas hissi ilə alışıb yanan və qəhrəmanlıqla şəhid olan igidlərimizdən biri də Məhəmmədəli Mütəllim oğlu İbrahimlidir.

Məhəmmədəli İbrahimli 22 noyabr 1996-cı ildə Beyləqanda dünyaya gəlib. Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli 2003-2014-cü illərdə Bakı şəhəri, 215 nömrəli tam orta məktəbdə təhsil alıb. Eyni ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olan Məhəmmədəli 2018-2020-ci illərdə AzTU-da magistratura təhsili alıb.

O, 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinin iştirakçısı olur.

Şəhidimiz oktyabrın 3-də Suqovuşan uğrunda gedən döyüşlərdə hər iki qolundan və ayağından yaralanır. Yaralı halda üç yaralı və bir şəhid yoldaşını təhlükəsiz əraziyə çıxartmağı bacarır. Elə həmin tarixdə yaralarının sağalması üçün 15 gün müddətinə Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilir.

Lakin içindəki Vətən sevgisi, qisas duyğusu ona 15 gün gözləməyə imkan vermir. Yaralarının sağalmasını gözləməyən Məhəmmədəli üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıdır. Yaralı halda döyüşməyi seçən igidimiz oktyabrın 13-də Ağdərə istiqamətində düşmən postuna kəşfiyyat bölüyünün hücumunda iştirak edir.

Döyüş yoldaşlarının şəhid olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edir. Qumbara ilə 20-dən çox düşmən əsgərini məhv edən Məhəmmədəli şəhidlik zirvəsinə ucalır.

Lakin Şəhid Məhəmmədəlinin nəşini döyüş bölgəsindən düz 63 gün sonra götürmək mümkün olur. Şəhidimiz 2020-ci il dekabrın 15-də Bakının Sabunçu rayonundakı Şəhidlər xiyabanında edilib.

O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

"Qarabağ" futbol klubunun azad azarkeş qrupu "İmarət Tayfa"nın üzvü olan Məhəmmədəli elə tribunada da öz vətənpərvərliyi ilə seçilirdi.

Məhəmmədəli torpaqlarımızın azadlığının yalnız savaşdan keçdiyini deyirdi həmişə. Lakin şəhidlikdən öncə qisası düşünürdü. 30 il öncə ermənilərin dinc əhalimizə - uşağımıza, qocamıza, qadınımıza, qızımıza etdiyi vəhşiliklərin qisasını.

26 fevral - Xocalı soyqrımını Azərbaycan üçün ləkə adlandıran Məhəmmədəli bu ləkənin yalnız qanla təmizlənməli olduğunu, müharibənin isə ən uyğun variant olmasının vacibliyini vurğulayırdı.

Onun arzusu Qarabağı yenidən Azərbaycanın sərhədləri daxilində görmək, Bütöv Azərbaycanın varoluşunu izləmək idi. Nə zamansa bu savaşın başlanacağına və qisasın qiyamətə qalmayacağına da inanırdı. Bəlkə də, hər kəsdən daha çox, hər şeydən daha artıq.

"Qələbə sadəcə inamdır!" deyə yazmışdı Məhəmmədəli şəhadətindən aylar öncə. İndi "İmarət Tayfa"nın əsas devizinə çevirilən bu ifadə həm də qələbəmizin təsəssümüdür. Bəli, Məhəmmədəli haqsız deyildi, bu qələbənin əsasını inamımız təşkil edirdi. Qələbəyə, torpaqlarımızı düşmən tapdağından azad etməyə olan inamımız.

Yaralı halda yenidən döyüşə qayıtması da onun içindəki qisas hissinin qələbəyə olan inamı ilə yoğrulduğunun nişanəsi idi.
Yolun sonunda şəhid də olsa, önəmli olan Vətənin bərabərliyi idi onun üçün. Məhəmmədəli arzuladığı yerdə, arzuladığı mövqedə idi. Qarabağ torpaqlarında, düşmənlə üz-üzə, qisas yolunda.

Qısa ömrünü böyük qəhrəmanlığa sığdıran Məhəmmədəlinin ruhu indi azad Ağdərədə daha da şaddır. Çünki bu qələbə həqiqətən sadəcə inam idi...

Naibə
Cebhe.info