Azərbaycanlılar üçün “qara zolaq”: Daha Rusiyaya gedə bilməyəcəyik?

Azərbaycanlılar üçün “qara zolaq”: Daha Rusiyaya gedə bilməyəcəyik?

İyunun 30-dan Rusiyaya vizasız giriş hüququ olan xarici vətəndaşlardan QR kodu tələb olunacaq.

Lakin QR kodu təqdim edən əcnəbi Rusiyaya buraxılmaya da bilər. Burada qərarı sərhədçilər verəcək.

Yeni qaydanın tətbiqi azərbaycanlıların Rusiyaya gedişi ilə bağlı problem yaradacaqmı?

Məsələ ilə bağlı sabiq maliyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Cebheinfo.az”a bildirib ki, Rusiya hökuməti Ukrayna ilə başlatdığı işğalçı müharibədən sonra ölkəsində miqrantlarla bağlı problemləri həll etmək üçün daha aktiv fəaliyyətə rəvac verib: 

“Hökumətin miqrantlarla bağlı fəaliyyəti aktiv fazaya keçirməsinin kökündə dayanan məsələlərdən biri, miqrantları işğalçı müharibəyə cəlb etmək istəyidir. Son zamanlar Rusiya hökuməti müxtəlif bəhanələrlə Mərkəzi Asiyadan gəlmiş miqrantları geriyə qaytarır, digər miqrantların da eyni aqibət yaşayacaqlarını deyərək, onlara hədə-qorxu gəlirlər.

Bir sözlə, hökumət miqrantlarla bağlı xüsusi təbliğat maşınını işə salıb. Əslində miqrantların Rusiyaya gəlməsi və orada yaşayıb fəaliyyət göstərməsi üçün mövcud qaydalar var. Artıq illərlədir bu qaydalarla miqrantlar Rusiyaya gəlir, öncə qeydiyyata düşürlər, sonradan kimsə işləmək üçün gəlibsə, o, iş izni alaraq qalıb fəaliyyət göstərir.

Bildirim ki, yeni qaydalarla bu ilin iyun ayının 30-dan Rusiyada vizasız rejimlə ölkəyə gələn xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemi qüvvəyə minəcək. Yeni prosedura əsasən, xarici vətəndaşlar Dövlət Xidmətləri portalı vasitəsilə əvvəlcədən xüsusi QR kodu əldə etməlidirlər.

QR-kod (ingiliscə quick response - mənası "tez cavab" və ya "çevik cavab" deməkdir) iki ölçülü ştrixkoddur. Xarici vətəndaşlar ölkəyə girişə azı üç gün qalmış rəqəmsal identifikasiyadan keçməlidirlər.

Yəni xarici vətəndaş səfərdən öncə portala şəxsi məlumatları - səyahətin məqsədini, marşrutunu və Rusiyada qalma ünvanını, fotoşəkilini həmçinin sənədlərinin şəkilini yükləməlidir. Fövqəladə hallarda (qohumun xəstəliyi və ya ölümü) qeydiyyata girişdən dörd saat əvvəl icazə veriləcək. Ərizə 90 gün ərzində etibarlıdır. Rusiyaya gələn vətəndaş portal vasitəsilə aldığı QR kodu sərhəd nəzarətindən keçərkən təqdim etməlidir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”