Gürcüstandan sonra gündəmdə İran: Quru sərhədləri açılır?

"İranla Azərbaycan arasında ticarət əlaqələrinin səviyyəsi 5 milyard dollara yüksəldiləcək".
"Cebheinfo.az" xəbər verir ki, bunu İran-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Sədif Bədri bildirib.
Onun sözlərinə görə, bu, İran Prezidenti Məsud Pezeşkianın Bakıya son səfəri sayəsində mümkün olacaq.
Bədri bildirib:
“Bu səfər zamanı İran tərəfdən bəzi tələblər səsləndi, o cümlədən Azərbaycanda təhsil alan iranlı tələbələrin gediş-gəlişinin asanlaşdırılması və sərnişin daşımaları üçün quru sərhədin açılması qərara alındı. Azərbaycan tərəfi bu məsələni diqqətlə araşdıracaq”.
İran-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri qeyd edib:
"Bu səfər zamanı əldə olunan digər razılığa əsasən, Tehranın İmam Xomeyni hava limanından, eləcə də Təbriz, Ərdəbil, Məşhəd və İsfahan hava limanlarından iki ölkə arasında uçuşların gücləndirilməsi hər iki tərəfin müvafiq nazirlərinin gündəliyinə salınıb".
Məlumdur ki, ölkəmizdə pandemiya dövründən bu yana sərhədlər bağlıdır. Lakin bu yay bir sıra ölkələr arasında sərhəd keçidlərinin açılması ilə bağlı ümidlər artır. Bildirilir ki, bu addım iqtisadi əlaqələr və turizm sahəsinə müsbət təsir göstərəcək. Gürcüstan və İranla quru sərhədlərn açılışı ilə bağlı məlumatlar hələ rəsmi şəkildə açıqlanmasa da, ölkələr arasında qarşılıqlı anlaşma və danışıqların sürətlənməsi bunu düşünməyə əsas verir.
“Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, quru sərhədlər açılsa, hazırda “boğulmaq” üzrə olan turizm sahəsinə ciddi nəfəs gələ bilər:
“Hazırda Cənubi Qafqazda turizmin inkişaf səviyyəsinə görə Azərbaycan sonuncu yerdədir. Birinci yerdə Gürcüstan, ikinci yerdə Ermənistan, üçüncü isə Azərbaycandır. Halbuki əvvəllər sıralama belə idi:
Gürcüstan, Azərbaycan, Ermənistan. O vaxtlar Ermənistan kifayət qədər geridə qalırdı, Azərbaycanla Gürcüstan arasında isə turizm sahəsində cüzi fərq olurdu. Gürcüstanın təbiət və relyef baxımından turizm imkanları Azərbaycandan daha çoxdur.
Ona görə də əvvəllər turistlər Gürcüstana gedir, orada gəzib sonra qatara minib az məbləğ ödəməklə Azərbaycana gəlirdilər. Bu gün isə Gürcüstandan Bakıya gəlmək üçün təxminən 200–300 dollar xərcləmək lazımdır. Buna görə də əvvəllər Azərbaycana səfər edən turistlər indi Ermənistana üz tuturlar.
Üstəlik, Gürcüstanda yaşayan çox sayda azərbaycanlının bir qismi Azərbaycana işləməyə gəlib, oradakı ailəsinə pul göndərir. Əvvəllər bu keçid quru sərhəddə piyada şəkildə baş verirdisə, indi həmin insanlar təyyarə ilə Gürcüstana gedib, sonra geri qayıtmalıdırlar.
Bu isə böyük əziyyət və xərcdir. Xaricdə təhsil alan tələbələrimiz, müalicəyə ehtiyacı olan vətəndaşlarımız var. Vaxtilə çoxları İrana müalicəyə gedirdi. İndi bu mümkün deyil, nəticədə insanlar xəstəlikdən əziyyət çəkir, hətta həyatlarını itirirlər”.
Akif Nəsirli vurğulayıb ki, sərhədlər açılsa, müəyyən inteqrasiyalar həyata keçirilə bilərdi:
“Azərbaycanın qonşu ölkələrlə- İran, Türkiyə, Rusiya ilə əlaqələrinin genişləndirilməsi vacibdir. Məndə olan məlumata görə, Moskva və Gürcüstan istiqamətində dəmir yolu reyslərinin açılması barədə fikirlər var.
Azərbaycanın Dağıstanla da sıx əmək miqrasiyası əlaqələri var, insanlar mütəmadi olaraq oraya gedib gəlməlidirlər. Bu da təhlükəsizlik baxımından risk yaradır. Bu məsələ ilə bağlı Gürcüstan və Rusiya ilə müzakirələr aparılır. Hətta sərhədlərin may ayında açılacağına dair söz-söhbətlər yayılmışdı. Lakin bu ehtimal özünü doğrultmadı. Əgər doğrultsaydı, artıq hazırlıq prosesi ilə bağlı informasiyalar yayılardı. Deməli, may ayında da sərhədlərin açılması gözlənilmir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”