Türkiyə ilə qabaqcıl təhsil ənənələrinin öyrənilməsi müzakirə olundu

Türkiyə ilə qabaqcıl təhsil ənənələrinin öyrənilməsi müzakirə olundu

Azərbaycanda səfərdə olan Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Ankara, İstanbul, İzmir və Bursa şəhərləri üzrə təhsil idarələrinin rəhbər şəxsləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüş çərçivəsində iki ölkə arasında məktəbəqədər və ümumi təhsilin müxtəlif istiqamətləri, o cümlədən Azərbaycanla Türkiyənin qardaşlaşmış məktəblərinin faydalı əməkdaşlığının davam etdirilməsi, qabaqcıl təhsil ənənələrinin öyrənilməsi müzakirə edilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ərtafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşün keçirildiyi 18 nömrəli tam orta məktəb də Türkiyənin İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyi ilə qardaşlaşıb və əməkdaşlıq münasibətləri yaradıb.

"Cebheinfo.az"