Orta Dəhlizlə daşımaların həcmi 11 milyon tona çatdırıla bilər

Orta Dəhlizlə daşımaların həcmi 11 milyon tona çatdırıla bilər

Orta Dəhliz Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən, həm Avropa İttifaqının “Global Gateway” strategiyasının həyata keçirilməsində, həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün optimallaşdırılmasında əsas rol oynayan strateji əhəmiyyətli multimodal marşrutdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə dair Astana Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən hazırlanmış analitik hesabatda deyilir.

Hesabatda diqqətə çatdırılır: “Dəhlizin gücü ildə 6 milyon ton, o cümlədən 100 min TEU (iyirmi fut ekvivalent vahidi) konteynerdir. Son illər marşrut üzrə yüklərin çatdırılma müddəti əhəmiyyətli dərəcədə - 38-53 gündən 19-23 günədək azaldılıb. Məqsəd müddəti daha çox -15 günə endirməkdir. Müqayisə üçün qeyd edək ki, Çin ilə Avropa arasında dəniz yüklərinin daşınması 30-45 gün çəkir və bu yaxınlarda Qırmızı dənizdə tranzit müddəti artıb, habelə yükdaşıyan şirkətlər fasilələrlə üzləşib”.

Qeyd olunur ki, Rusiya ərazisindən keçən Şimal marşrutu ilə müqayisədə Orta Dəhliz bir sıra aşkar üstünlüklərə malikdir. Geosiyasi gərginlik və sanksiyalar kontekstində Şimal marşrutu ilə tranzit ləngimə və artan nəzarət risklərinə məruz qalır.

“Bundan əlavə, bir tək tranzit dövlətdən asılılıq tədarük zəncirlərinin sabitliyinə təhlükə yaradır. Müqayisə üçün qeyd edək ki, Orta Dəhliz geosiyasi qeyri-sabitliklə bağlı riskləri yumşaldaraq daha çoxşaxəli və dayanıqlı marşrut təqdim edir", -deyə materialda vurğulanır.

Diqqətə çatdırılır ki, cəmi dörd il ərzində Orta Dəhlizdə yükdaşımalarının beş dəfədən çox artdığı müşahidə olunub və bu, qlobal təchizat zəncirlərinin yenidən qurulması, habelə geosiyasi dəyişikliklər fonunda Avrasiya ticarəti üçün əsas quru körpüsü olmaq potensialını təsdiq edib. Müxtəlif proqnozlara görə, Orta Dəhliz üzrə yükdaşımaları gələcəkdə də artmaqda davam edə bilər.

“AYİB-in proqnozlarına görə, cari artım templəri qorunub saxlanılarsa, Mərkəzi Trans-Xəzər Marşrutu üzrə konteyner tranzitinin həcmi 2022-ci ildəki 18 000 TEU-dan 2040-cı ilə qədər 130 000 TEU-ya qədər arta bilər.

Dünya Bankının proqnozlarına əsasən, Orta Dəhliz üzrə yükdaşımalarının həcmi 2021-2030-cu illər arasında üç dəfə artaraq ildə 11 milyon tona çatdırıla bilər”, -deyə hesabatda bildirilir.

"Cebheinfo.az"