Putin: “Səbrimiz tükənmək üzrədir”

Putin: “Səbrimiz tükənmək üzrədir”

Rusiya, İsrailin İranda yerləşən nüvə obyektlərinə etdiyi hücumlarla bağlı xəbərdarlıq edib.

“Cebheinfo.az” xəbər verir ki, altı gündür davam edən toqquşmalara dair Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinə (NPT) sadiqdir və dialoqa açıq mövqeyi nəzərə alınmalıdır.

Sənəddə İsrailin İranın nüvə obyektlərinə hücumları qanunsuz adlandırılıb və bu hərəkətlərin beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaratdığı vurğulanıb.

Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, İsrail bölgədəki ölkələri fəlakətə sürükləyir:

O, “Səbrimiz tükənmək üzrədir” deyə İsrailə sərt xəbərdarlıq edib.

Qeyd olunub ki, İsrailin hücumları dünyanı nüvə fəlakətinin astanasına gətirib.

Vurğulanıb ki, İranın nüvə obyektləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) nəzarəti altındadır. Hücumlara dəstək verən ölkələrin isə bu addımlara şərik olduqları bildirilib.

Məsələyə Beynəlxalq Atom Enerjisi Agentliyi də münasibət bildirib.

Qurumun sosial şəbəkə platforması “X” üzərindən yaydığı məlumatda qeyd olunub ki, İsrailin 13 iyun tarixindəki hücumları nəticəsində əldə edilən yüksək keyfiyyətli peyk görüntüləri, İranın Natanz şəhərindəki uran zənginləşdirmə kompleksinin yeraltı bölmələrində uran zənginləşdirmə işlərinə təsir edildiyini göstərir. 

Lakin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Mariano Qrossi bildirib ki, yeraltı hissələrdə ciddi zədələnmə aşkarlanmayıb, yalnız yerüstü tikililərdə dağıntı qeydə alınıb.

Eyni zamanda, İsfahan və Fordo nüvə obyektlərində hər hansı dəyişiklik müşahidə olunmayıb.

Rusiya rəsmilərinin açıqlamaları və AEBA-nın texniki dəyərləndirməsi göstərir ki, İsrailin bu hərbi addımı təkcə bölgəni deyil, qlobal təhlükəsizliyi təhdid edən böhrana çevrilə bilər. İndi isə dünya ictimaiyyətinin və BMT də daxil olmaqla beynəlxalq aktorların atacağı addımlar gözlənilir.

Əfsanə 
“Cebheinfo.az”