Ailədaxili qətllər: Niyə bu qədər qəddarlaşırıq?

Bu gün İsmayıllı rayonunda dəhşətli ailə faciəsi baş verib.
Belə ki, oğul atasının boğazını kəsməkdə şübhəli bilinir. Hadisə rayonun Talıstan kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1994-cü il təvəllüdlü kənd sakini Əzizov Kənan Bəhlul oğlu aralarında yaranmış mübahisə zamanı atası, 1968-ci il təvəllüdlü Əzizov Bəhlul Təşkilat oğluna qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqla xəsarətləri yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Əzizov Kənan Bəhlul oğlu şübhəli şəxs qismində tutulub. Qeyd edək ki, bu ilk belə hadisə deyil. Bu kimi ailədaxili zorakılıq hadisələri son zamanlar müşahidə olunmaqdadır.
Bəs ailə üzvlərinə qarşı belə qəddar cinayətlər niyə baş verir?
Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, əgər ailədə psixoloji mühit qeyri-sağlamdırsa, vaxtında psixi sağlamlıq üzrə mütəxəssisə müraciət edilməlidir.
Onun sözlərinə görə, zamanında edilən müdaxilə gələcəkdə baş verə biləcək faciələrin və cinayətlərin qarşısını ala bilər:
“Ailədaxili münaqişə zamanı övladın valideynə və ya valideynin övladına qarşı törətdiyi hər hansı cinayət qanunu davranış heç bir halda qəbul edilə bilməz. Lakin biz tərəfləri dinləmədən onlar barəsində konkret fikir söyləyə bilmərik. Bu, hüququn və qanunvericiliyin səlahiyyəti çərçivəsindədir.
Psixologiyanın sərhəddi hüquqa qədərdir. Psixologiya burada daha çox səbəblərə köklənir, mühitin yaratdığı aspektləri nəzərə alır. Çünki insan psixikası əsasən mühitlə tənzimlənir”.
Psixoloq qeyd edib ki, əgər bir övlad valideyninə qarşı cinayət törədibsə, bu, həmin şəxsin valideynini düşmən kimi gördüyünü və ona qarşı dərin nifrət hiss etdiyini göstərir:
“Məsələyə iki aspektdən baxmaq olar. Birincisi, yeniyetməlik dövründə cəmiyyətin formalaşdırdığı normalar çərçivəsində yaranan travmalar sonradan bu şəkildə üzə çıxır. Valideynin göstərdiyi şiddətin mütləq qarşılığı olur. Əgər valideyn övladına qarşı şiddət göstəribsə, bu, gec-tez qarşılıq tapır.
İkincisi, psixoloji pozuntularla bağlıdır. Yəni burada psixoloji vəziyyətin stabil olmaması, şəxsiyyət pozuntuları və ya emosional nizamsızlıq rol oynayır.
Təəssüf ki, bəzən biz insanın davranışlarını xarakter olaraq qəbul edib cinayət əməllərini ört-basdır etməyə çalışırıq. Lakin istər psixoloji, istər fiziki zorakılıq heç bir formada normal qarşılana bilməz”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”