Azərbaycanda abortla bağlı dəhşətli rəqəmlər: Cəzalar sərtləşdirilir

Azərbaycanda abortla bağlı dəhşətli rəqəmlər: Cəzalar sərtləşdirilir

Azərbaycanda təkcə 2024-cü il ərzində ölkədə təxminən 73 min abort faktı qeydə alınıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu modern.az-a açıqlamasında Bakı Dövlət Univertsitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev bildirib.

Onun sözlərinə görə, bu kifayət qədər yüksək göstəricidir və təbii artıma birbaşa təsir edən faktorlardan biridir:

“Məsələnin digər önəmli tərəfi süni mayalanma və embrion implantasiyası kimi tibbi prosedurların bəzən qanunsuz şəkildə həyata keçirilməsidir. Mövcud qanunvericiliyə əsasən, qadınlar hamiləliyin 12-ci həftəsinə qədər şəxsi istəklərinə əsaslanaraq, 22-ci həftəyə qədər isə tibbi və sosial göstərişlərə əsasən abort etdirə bilərlər. Tibbi göstəricilərə ana və ya dölün səhhətində ciddi problemlər daxildir. Sosial səbəblər isə qadının tək yaşaması, işsizliyi, evsizliyi, aztəminatlı olması və s. kimi hallardır”.

Ü.Şəfiyev abortların qeyri-tibbi şəraitdə evdə və ya ixtisassız şəxslər tərəfindən həyata keçirilməsi hallarının hələ də müşahidə olunması məsələsinə də aydınlıq gətirib:

“Bu cür abortlar qadınların sağlamlığı üçün ciddi təhlükə yaradır, ana ölümü riskini artırır və ağır fəsadlara yol aça bilər. Cəza tədbirləri də məhz elə bu kimi riskli halların qarşısını almağa yönəlib. Eyni zamanda aborta məcburetmə halları da qanunla qadağan edilir və bu istiqamətdə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur”.

Sosioloq həmçinin qeyd edib ki, cəzaların sərtləşdirilməsi müsbət addımdır, lakin təkcə bu tədbirlər kifayət etmir:

“Azərbaycanda selektiv abortlar – xüsusilə cinsə görə edilən abortlar sahəsində də vəziyyət müəyyən narahatlıq doğurur. Azərbaycan bəzi hallarda bu göstəriciyə görə hətta Çin kimi ölkələri də geridə qoyur. Bu səbəbdən hüquqi tədbirlərlə yanaşı, genişmiqyaslı maarifləndirmə kampaniyalarının da keçirilməsi vacib sayılır”.

O eyni zamanda onu da vurğulayıb ki, vacib məsələ isə qadınların öz istəkləri olmadan aborta məcbur edilməsi hallarının mövcudluğudur:

“Bu cür məcburetmələr əsasən ailə üzvləri - həyat yoldaşı, qayınana və ya qaynata tərəfindən edilir. Qanunvericilikdə bu tip hallara görə cəzalar nəzərdə tutulsa da, real həyatda bu faktların aşkarlanması çətindir. Bu kimi halların qarşısının alınması üçün monitorinq gücləndirilməli, tibb işçilərinin mövcud qaydalara riayət edib-etmədiyi yoxlanılmalıdır”.

Eyni zamanda abortların qeyri-ixtisaslı şəxslər tərəfindən və ya tibbi norma və standartlardan kənar şəraitdə aparılması məsələsinə də ciddi nəzarət olunmalıdır. Aborta məcbur edən şəxslərlə bağlı cəzaların sərtləşdirilməsi və bu istiqamətdə hüquqi mexanizmlərin daha səmərəli işləməsi təmin edilməlidir:

“Bu sahədə yalnız cəzaların müəyyən edilməsi yetərli deyil, onların icrasına da ciddi nəzarət mexanizmi qurulmalıdır. Cəmiyyətin bütün təbəqələrinin bu məsələdə həmrəyliyi vacibdir, çünki bu problem bilavasitə əhalinin sağlamlığına və ölkənin demoqrafik göstəricilərinə təsir edir”, - deyə Ü.Şəfiyev bildirib.

“Cebheinfo.az”