Susuz qalan vətəndaşlar məhkəmədə qazana bilər?

Bir neçə gündür ki, paytaxtın bəzi ərazilərində su fasilələrlə verilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacağı barədə xəbərdarlıq edib. Məlumata görə, işlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
Mövcud vəziyyət, suyun fasilələrlə verilməsi isə vətəndaşlar üçün çətinlik yaradır. Abonenetlər əlavə xərc çəkib su almaga məcbur olduqlarına görə məhkəməyə muraciət etsələr, qazanmaq imkanı nə gədərdir?
Məsələ ilə bağlı vəkil Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, suyun təchizatını təmin etməli olan təşkilat, yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bunu bilərəkdən, məqsədli şəkildə etməyib, hansısa qəzanın baş verməsi nəticəsində suyun fasilələrlə verilməsinə məcbur olub:
“Bu səbəbdən məhkəməyə müraciət olunarsa, qəza olması sübut edildiyi halda təbii olaraq məhkəmə qarşı tərəfin üzərinə hər hansı məsuliyyət qoymayacaq. Yəni, bu, qurumun qəsdən törətdiyi əməl deyil, “fors major” hal nəticəsində baş verən hadisə olduğu üçün onun da bu halda məsuliyyəti yoxdur”.
Vəkilin sözlərinə görə, ancaq başqa məqamlarda, məsələn, bazar günü su ilə bağlı hər hansı bir tədbirlər görülməsi, boruların yenilənməsi və s. kimi işlərin gecə saatlarında vətəndaşların sudan daha az istifadə etdiyi vaxtlara salına bilər:
“Yəni, bu kimi tədbirlər olduğu təqdirdə qarşı tərəf məsuliyyət daşıyır. Qəsdən, plansız edilən addımlar nəticəsində vətəndaşa maddi və mənəvi ziyan dəyirsə, onu tələb etmək hüququ var. Məhkəmə də araşdırma apardıqdan sonra həmin addımın məsuliyyətsizlik nəticəsində baş verdiyi, vətəndaşa maddi və mənəvi ziyan dəydiyi sübut olunsa, məhkəmənin vətəndaşın xeyrinə qərar çıxarmaq imkanı var”.
Nigar Abdullayeva
“Cebheinfo.az”