İnsanın həyatını bitirən bir an: Ailə problemi olan və borclular bu yolu seçir

İnsanın həyatını bitirən bir an: Ailə problemi olan və borclular bu yolu seçir

Ötən il Azərbaycanda qeydə alınan intihar hadisələrinin statistikası açıqlanıb. 

Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Belə ki, keçən il ölkəmizdə 639 intihar hadisəsi baş verib. Həmçinin, 811 intihara cəhd hadisəsi də qeydə alınıb. Üstəlik, baş vermi 639 cinayət hadisəsi nəticəsində ölən şəxslərdən 42 nəfəri yetkinlik yaşına çatmayanlar olub. 

Maraqlıdır, ölkəmizdə intihar halları nə üçün bu qədər artıb? İnsanlar nəyə görə intihara bu qədər meyillidirlər? 

Mövzu ilə bağlı tanınmış psixoloq Gülnar Sadiq “Cebheinfo.az”-a açıqlama verib.

O bildirib ki, intiharların artmasının kökündə psixoloji səbəblər dayanır:

“Əsasən psixologiyası zəif olan insanlar intihara meyilli olurlar. Onlar psixoloji olaraq çox çətin vəziyyətlə üzləşəndə, bu addımı atmaq barədə düşünürlər. Əksər vaxtlarda bu düşüncə tərzi üçün qaçılmaz son yaşanır və həmin şəxs intihar edir. Bir çox hallarda həmin insanlar intihara cəhd etməsinə rəğmən, həyatlarını xilas etmək mümkün olur. Lakin əfsuslar olsun ki, bu addımı atanda ölən insanların sayı da kifayət qədər yüksəkdir. Üstəlik, bu statistika artmağa doğru gedir”.

Mütəxəssis diqqətə çatdırıb ki, intiharın səbəbləri müxtəlif ola bilir:

“Əsasən mütəmadi şəkildə ailəsində problemlər yaşayan və ya külli miqdarda borcu olan şəxslər intihara cəhd edirlər. Həmçinin, ayrılığa dözə bilməyən gənclər də bir anlıq qəflətə düşərək bu addımı atırlar. Eyni zamanda, hansısa yaxınını itirən bəzi şəxslər də həmin anın duyğusuna qapılaraq onsuz həyatın ola bilməyəcəyini zənn edirlər. Bu və başqa səbəblərlə intihara əl atan insanlar olur. Nəticədə, həmin insanların intihar cəhdi uğursuz olduqda emosiyalara qapılaraq səhv addım atdıqlarını dərk edirlər. 

Ancaq əfsuslar olsun ki, bəzi intihara cəhdlər həmin insanların daha sonrakı həyatlarında birbaşa təsir edəcək fəsadlara yol aça bilir. Lakin buna baxmayaraq, diqqət çəkmək üçün intihara cəhd edənlər də var. Onların isə məqsədi ölmək yox, hansısa məsələyə görə kimlərinsə diqqətini çəkməyə və düşüncələrində nə qədər ciddi olduqlarını göstərməyə çalışmaqdır”. 

Psixoloq qeyd edib ki, insanların qarşılaşdıqları çətinliklər onların düşüncəsinə birbaşa təsir edir: 

“Bir çox insan zəif iradayə və xarakterə sahib olur. Hər şeydən tez bezən, çıxış yolu olmadığını düşünərək, canına qəsd edənlər də məhz bu şəxslərdir. Onların həyatlarında qarşılaşdıqları istənilən çətinlik şüuraltılarına həkk olur və psixoloji olaraq yüklənirlər. Təəssüflər olsun ki, belə şəxslərin bir çoxu bu “yük”ün altından qalxa bilmir. Əslində, intihar edən insanlar bir anlıq yaşadıqları çətin vəziyyətdən qaçmaq və həmin problemdən “xilas olmaq” üçün bu addımı atırlar. Hərçənd ki, bu, çox böyük yanlışdır. 

Çünki intihar heç bir zaman çıxış yolu olmayıb, olması da mümkün deyil. İntiharı düşünən insan nəzərə almalıdır ki, o, özünə qəsd etdikdən sonra geridə qalan ailəsi bir ömür boyu o tramva ilə yaşayacaq. Yəni o, “xilas olmaq” üçün bu addımı atdığını düşünür, amma yanılır. Ümumiyyətlə, intihar edən insanlar əsasən ailəsini sevməyən şəxslər olur.

Ailələrinin çox sevdiyi, lakin sevilmədiyini düşünən insanlar daha çox intihara meyil edirlər. Ona görə də intiharı düşünən şəxslər bütün bunları nəzərə almalı və bu addımı atmağın çox ciddi problemlərə yol açacağını bilməlidir. Unutmayın ki, yaşadığınız heç bir çətinlik həyatınızı sonlandırmağa və ailənizə bu əzabı verməyə dəyməz”. 

Elmir Mustafa 
“Cebheinfo.az”