Qadınlar necə kişi arzulayır? – Psixoloq açıqladı

Qadınlar necə kişi arzulayır? – Psixoloq açıqladı

“Qadın necə kişi arzuladığını özünün ehtiyacının nə olduğunu müəyyən edəndən sonra bilə bilər”.

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe.info”ya açıqlamasında deyib.

O bildirib ki, hamı eyni şeyə ehtiyac duymur:

“Birinin evində alma varsa, marketə gedəndə heç vaxt alma almağı düşünməz. Birinin evində ət varsa, heç vaxt qəssaba yaxınlaşmaz. Yəni bizdə olanı deyil, olmayanı axtarırıq. Daha doğrusu, ehtiyacımız olanı tapmaq istəyirik.

Məsələn, ehtiyacımı müəyyən edəndən sonra kişi olaraq kimin maraq dairəmdə olduğunu dəqiq bilərəm. Amma maraq dairəmin nə olduğunu bilmədən hər tip kişi seçə bilərəm. Bəzən kimlərinsə ancaq eyni tip adamı seçdiyini görürük. Çünki onun ehtiyacı o meyardadır. Bu səbəbdən də o tipin içində şəxs axtarır”.

Psixoloq qadının ehtiyacını necə müəyyənləşdirəcəyindən də söz açıb:

“Biz bir hadisə barədə düşünmək üçün ən sonda ola biləcək neqativ hadisəni gözümün qarşısına gətirib nəyə risk etdiyimizi bilməliyik. Qadın olaraq bir münasibətə başlayanda baş verə biləcək ən pis ssenarini fikirləşməliyəm.  O ssenarinin içərisində həmin şəxsin mənə hansı detalının maraqlı olacağını bilməliyəm.

Məsələn, qadınlar ona görə varlı kişi ilə münasibətdə olmaq istəyirlər ki, ayrılanda belə aylıq müəyyən miqdarda pul ala bilsinlər. Həmçinin, ev, maşın kimi çıxarlarının olmasını istəyirlər. Əslində, bizim ehtiyaclarımız bəlkə də münasibətdəki çıxarımızdır.

Mənə elə gəlir ki, qarşımızdakı insanın sadəcə mərhəməti varsa, başqa heç nəyi olmaya bilər. Mərhəməti olan insan birini min kimi, mini də bir kimi xərcləyər. 

Yəni onun üçün rəqəm, zaman və ya duyğu xəsislik etməyə icazə vermir. Çünki o, sənin əmanət olduğunu və sənə nə qədər yaxşı baxsa, o qədər çox mükafat alacağını düşünər. Bu düşüncədə olan kişi əlbəttə ki, bir çox qadınlar üçün daha arzulanan kişidir”.

Əfsanə Rüstəmovanın sözlərinə görə, kişinin vizual görünüşünün əhəmiyyəti yoxdur:

“Bu, beyinin hansı səviyyədə olması ilə bağlıdır. Əgər bir insan hələ də qarşısındakı şəxsin fiziki göstəricilərini saymağa başlayırsa, bu, həmin adamın həyat təcrübəsinin olmadığını göstərir.

Həyat təcrübəsi olan insanlar fiziki görüntünün 0,5 faiz belə əhəmiyyəti olmadığını bilir. Çünki biz sevdiyimiz insanın gerçək xətlərini heç vaxt bilmirik. Onu sevdiyimiz üçün onu dünyanın ən uzun boylu, ən enlikürək, ən mərd, ən savadlı kişi olduğunu fərz edirik. Halbuki sevgimiz bitəndən sonra deyirik, “bunun nəyini sevmişəm?”. 

Deməli, əsas məsələ vizual deyil. Əgər bir adamın başqa duyğusu yoxdursa, vizual görünüş axtarır. Bir adamın sırf vizual olaraq seçimə başlaması, onun həyatın mahiyyətini tam olaraq anlamadığını göstərir.

Həyatın mahiyyətini anlayan qadın boyu 1.90 olmasına rəğmən, cəsarətsiz olan kişidənsə, boyu 1.50 olan cəsasətli kişini seçər.

Düşünürəm ki, indiki inkişaf etmiş dövrdə insanların hələ də vizual görünüşə üstünlük vermələri dünyagörüşünün zəifliyindən qaynaqlanır”.

Elmir Mustafa
“Cebhe.info”