Partiyaların parlament seçkisi ilə bağlı qərarı nədir? - SORĞU

Partiyaların parlament seçkisi ilə bağlı qərarı nədir? - SORĞU

Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı partiyaların hazırlıqları davam etdirilir.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov yerli mediaya açıqlamasında bir neçə gündən sonra YAP İdarə Heyətinin toplantısının olacağını və deputatlığa namizədlərini elan edəcəklərini deyib. 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti isə iyulun 6-da partiyanın Ali Məclisinin çağırılması barədə qərar qəbul edib. 

Respublikaçı Alternativ Partiyası (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də partiyanın səlahiyyətli nümayəndələrinin siyahısını MSK-ya təqdim etdiklərini bildirib. 

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev isə partiyasının seçkilərdə iştirakla bağlı qərar verdiyini və işçi qrupunun yaradıldığını qeyd edib. 

“Cebhe.info” digər partiyaların da parlament seçkilərində iştirakla bağlı mövqelərini öyrənib. 

Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev bildirib ki, partiyası seçkidə iştirakla bağlı qərarını 2 ay bundan öncə açıqlayıb: 

“Biz həmin vaxtı komissiya yaratdığımız da elan etmişdik. Onlar da hazırda seçkilərdə iştirak edəcək namizədlərin siyahısı ilə məşğuldur və danışıqlar davam etdirilir. 

Həmçinin, partiyamıza üzv olmayan, amma seçkidə partiyamız adından iştirak etmək istəyən namizədlərlə də danışıqlar aparılıb. Seçkilərdə iştirakla bağlı yekun toplantı isə 6 iyunda keçiriləcək. Həmin toplantıdan sonra seçki ilə bağlı qərarımız açıqlanacaq. Siyahı müəyyən olunduqdan sonra qarşıdakı iki həftə ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyik”. 

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı bildirib ki, qərarı Siyasi Şura verəcək: 

“Böyük ehtimalla, həftənin sonuna qədər Siyasi Şuranın iclası keçiriləcək. 

Bölgələrdən də üzvlərimiz gələcək. Onların iştirakı ilə dəqiq siyahımız müəyyənləşəcək. Təxminən 25 nəfərin namizədliyini irəli sürməyi düşünürük. Amma bu say daha çox və ya az ola bilər”. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə söyləyib ki, bu həftə ərzində partiyanın Siyasi Şurasının iclası keçiriləcək: 

“Siyasi Şura seçkidə hansı formada iştirak edəcəyimizlə bağlı qərar verəcək”. 

AĞ Partiyanın başqanı Tural Abbaslı partiyasının İdarə Heyətinin seçkilərdə iştirakla bağlı artıq qərarının olduğunu deyib: 

“Bununla bağlı qərarı keçən həftədən vermişik. Artıq MSK-ya səlahiyyət nümayəndələrimizin təsdiqi üçün 68 nəfərin siyahısını da təqdim etmişik. Yəqin ki, sabah və ya birigün MSK bizə həmin səlahiyyətli nümayəndələrinin vəsiqələrini təqdim edəcək. Bundan sonra isə dairələr üzrə namizədlərimizi irəli sürməyə başlayacağıq”. 

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də partiyasının Siyasi Şurasının iclasının bu həftə ərzində keçiriləcəyini deyib: 

“Bu həftə ərzində Siyasi Şuranın iclası keçiriləcək və seçkilərdə iştirakla bağlı rəsmi qərar veriləcək. Amma seçkilərdə iştirakla bağlı ümumi razılığımız var. Hazırda da namizədlərlə bağlı dəqiqləşdirmə işləri aparırıq”. 

Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev də iclasın bu həftə ərzində keçiriləcəyini deyib:

“Ümid Partiyasının 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarını nizamnaməyə uyğun olaraq partiyanın İdarə Heyəti qəbul edəcək. İdarə Heyətinin iclası bu həftə keçiriləcək. Müvafiq qərar qəbul olunduqdan sonra sənədləri MSK-ya təqdim edəcəyik”. 

Elmir Mustafa 
“Cebhe.info”