Qələbə kimindir: Məktəbin, yoxsa repetitorun?

Qələbə kimindir: Məktəbin, yoxsa repetitorun?

2024-cü ildə keçirilən 9-cu və 11-ci siniflərin buraxılış imtahanlarında ən aşağı göstəricilər Daşkəsən rayonunda qeydə alınıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Daşkəsən rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarında qeydə alınmış aşağı nəticələrin gələcəkdə təkrarlanmaması üçün tədbirlər görülür. Bu istiqamətdə ixtisaslı kadrların təlimlərə cəlb edilməsi nəzərdə tutulub və digər müvafiq işlər aparılacaq: 

“Həmçinin hazırda buraxılış fənlərini tədris edən müəllimlərin peşə yararlılığının müəyyənləşdirilməsi üçün onlar sertifikasiya imtahanlarına cəlb ediliblər. Bu prosesin gələcəkdə buraxılış imtahanlarının nəticələrinə müsbət təsir edəcəyi gözlənilir”. 

Qurum rəsmisinin sözlərinə görə, təhsilalanların dərs məşğələlərinə davamiyyətinin artırılması istiqamətində müvafiq işlər görülür: 

“Tədrisin keyfiyyətinin artırılması üçün yerli təhsili idarəetmə orqanları, məktəb rəhbərliyi tərəfindən dərs dinləmələri aparılır, açıq dərslər təşkil edilir və fənlərin tədris vəziyyətinin öyrənilməsi üçün monitorinqlər keçirilir. Qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində tədrisin keyfiyyətinin artırılması, buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi hədəf olaraq qarşıya qoyulub”. 

Qeyd edək ki, son vaxtlar bir sıra məktəblərdə monitorinqlər həyata keçirilir. 

Daşkəsən rayon məktəblərindən fərqli olaraq bəzi məktəblərin şagirdləri buraxılış imtahanlarında maksimim bal toplayıblar. Ancaq son zamanlar belə fikirlər səslənir ki, bu uğurlar məktəbin adına yazılsa da, repetitorların uğurudur. 

Belə olduğu təqdirdə məktəblərdə monitorinq aparmağa nə dərəcədə ehtiyac var? Bu monitorinqlərlə vəziyyəti dəyişmək mümkün olacaqmı?

Təhsil üzrə ekspert Elmin Nuri “Cümhuriyət”- ə bildirib ki, ümumiyyətlə, zaman-zaman səsləndirilən “təhsilin uğuru repetitor uğurudur” ifadəsini doğru hesab etmir:

“Mən demirəm ki, repetitorlar əziyyət çəkmirlər, lazım deyillər, xeyr. 

Ancaq burada vəziyyət tamamilə başqadır. Repetitorluğun məktəbə, tədrisə heç bir aidiyyəti yoxdur. Nəyə görə? Birincisi, bizdə yanlışlıq onda oldu ki, məktəblər üçün hazırlanan mərkəzləşdirilmiş tədris proqramı ilə qəbul imtahanlarının proqramı arasında ciddi uyğunsuzluq və fərqlər oldu. Həmin fərqləri seçən, yalnız uşaqları, məktəbin tədris proqramı əsasında deyil, DİM-in qəbul imtahanları əsasında, onun prinsipləri çərçivəsində hazırlaşdıran şəxslər zamanın nəbzini tutaraq həm maddi vəsait qazandılar, həm də qəbul göstəricilərinə təsir etmiş oldular.

Mən onların heç birinə irad tutmuram. Həqiqətən də repetitorluq çox çətin işdir. Ancaq “tədris göstəriciləri repetitorluğa görə yüksəlir”, “məktəbin nüfuzu repetitorun sayəsində qalxır” kimi ifadələrin cəmiyyətdə işlədilməsini doğru hesab etmirəm. 

Məktəbin, təhsilin funksiyası tamam ayrıdır. Təhsilin funksiyası 3 saat ərzində imtahan verib universitetə qəbul olmaq deyil. Təhsilin funksiyası fərd prinsiplərinin şəxsiyyət prinsipləri ilə əvəz olunmasıdır. Eləcə də düşünə bilən gəncin, vəziyyətə görə doğru qərar qəbul edən, lazımi analitik təfəkkür, məntiqi mühakimə yürüdə bilən şəxsin formalaşdırılmasıdır.

Təhsilin funksiyası “uşağım məktəbi bitirdi, ali məktəbə daxil oldu” deyil. Sadəcə bizdə vəziyyət elə gətirdi ki, test imtahanı anlayışı oldu və 11 illik təhsil, insanı şəxsiyyət kimi formalaşdıran bir mexanizm imtahana hazırlıq prosesinin 11 illik dövrünə çevrildi. 

Ona görə də indi bəziləri “repetitor uğuru” və s. deyirlər. Bəli, repetitor uğurlu ola bilər. Repetitorun hazırladığı uşaqların əksəriyyətinin qəbul göstəricisi müsbət də ola bilər. Bu, repetitorun uğurudur, ancaq təhsilin uğuru deyil. 

Bəziləri bu fikirlə razılaşmayacaq, bəziləri deyəcək ki, nə danışırsan? Bir qrup da deyəcək ki, eyni şeydir. Eyni deyil. Təhsil ayrı, qəbul məsələləri ayrıdır. 

Repetitor ayrı insandır, müəllim ayrı insan”. 

Monitorinq məsələsinə gəldikdə, ekspert tam əminliklə deyir ki,  monitorinqlərin sayı artırılsa, daha yaxşı olar:

“Məsələn, IX-XI siniflərin buraxılış imtahanlarında ən aşağı göstərici Daşkəsən rayonunda qeydə alınıb. O da əlavə olunur ki, buraxılış imtahanlarında qeydə alınmış aşağı nəticələrin gələcəkdə təkrarlanmaması üçün tədbirlər görülür. Bu istiqamətdə ixtisaslı kadrların təlimlərə cəlb edilməsi nəzərdə tutulub və digər müvafiq işlər aparılır. Bu, çox vacibdir.

Məktəblərin ümumi reytinq cədvəlini bir proses nizamlayır. Bu proses IX siniflərin buraxılış imtahanıdır. Məsələn, hər məktəbin IX sinifləri buraxılış imtahanında hansı nəticəni göstərirsə, həmin məktəbin nüfuzunu, reytinq bazasındakı sıralamasını, ümumiyyətlə, yerini və mövqeyini o göstərici həll etmiş olur. Bu da məsələyə birtərəfli yanaşmadır. Monitorinqlərin sayı  uşaqların işini çətinləşdirsə də düşünürəm ki, daha ciddi prinsiplər əsasında həyata keçirilməlidir.

Bu, şagirdin oxuduğu 11 illik mərhələ ərzində bir deyil, bir neçə dəfə həyata keçirilsə, daha yaxşı olar. Məsələn, IV siniflərin monitorinqləri aparılır. Çünki şagird ibtidai sinifi başa vurur və daha yuxarı siniflərə qədəm qoymağa başlayır. İbtidai sinifin monitorinqinin aparılması çox ciddi hadisədir. 

Ancaq burada mən qətiyyən şübhə etmirəm ki, şəffaflıq və obyektivlik prinsipləri qorunur. Biz nəticələrin yaxşılaşdırlması üçün nə lazımdırsa, onu etməliyik. Monitorinqlərin aparılmasında artım lazımdırsa, ona da getməlidir. Sözlə demək asandır. Bu prosesin təşkili, onun həyata keçirilməsi yüz minlərlə şagirdin, valideynin, müəllimin buna hazırlıq kodeksi çətin məsələlərdir.

Ancaq nəticə onu göstərir ki, yalnız bir meyar- IX sinif uşaqlarının göstərdiyi nəticə meyarı o qədər də tam anlamı ilə mənzərəni dəqiq ifadə etmir. Bu detalları biz mütləq düzəltməliyik. O ki qaldı repetitorluq məktəbinə, biz təhsilə aid olan heç nəyi repetitorluqla əlaqələndirə bilmərik”. 

Nigar Abdullayeva
"Cebhe.info"