Ailə institutunu necə qoruyaq?

Ailə institutunu necə qoruyaq?

İSTİQAMƏT: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 

Ailə bütün cəmiyyətlər üçün ən universal institut hesab olunur. Məlumdur ki, ailə münasibətləri təhsilin, elmin təşkili ilə bağlı problemlərin geniş dairəsinə, cəmiyyətdə sağlam həyat tərzinin formalaşması üçün şəraitin reallaşdırılmasında əsas baza rolunu oynayır. Ailə tarixin müxtəlif inkişaf mərhələlərində özünəməxsus spesifik xüsusiyyətlərə malik olub. Cəmiyyətin müasir inkişaf mərhələsində isə ailə daha çox ər-arvad, uşaqlar və valideynlər, qohumlar, insan və cəmiyyət arasında münasibətlərin dəyişən və sistemləşən əlaqələrini özündə əks etdirir. 

Bəs bu istiqamətdə maarifləndirmə işi hansı səviyyədədir? gender, ailə və demoqrafiya məsələlərinin mediada müzakirəsi, məlumatların yayılması ailə institutlarının qorunub-saxlanılmasına xidmət edirmi? 

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan Ümid Partiyasının sədr müavini İlahə Sadıqova deyib ki, dünyada XX əsrin əvvəllərində artıq kofiqurativ mədəniyyətin təsiri hiss olunmağa başlayıb. Kofiqurativ mədəniyyətin əsasını eyni mühitdə, eyni cəmiyyətdə yaşayan insanların davranış modeli təşkil edir. Burada uşaqlar da, böyüklər də öz həmyaşıdlarından öyrənirlər:

“Belə ki, nuklear ailələr yarandı və bu ailələrdə yaşlı nəslin nümayəndələri-nənə və babalar - ilə nəvələrin əlaqələri getdikcə azaldı. Ailə təkcə valideyn və övladlardan ibarət oldu. Azərbaycanda bu proses demək olar ki, 1990-cı illərdən sonra özünü qismən də olsa göstərməyə başladı. Artıq Azərbaycanda ənənəvi böyük ailə modeli öz aktuallığını itirməyə başlayıb.

Övladlar daha çox valideynlərdən ayrı yaşamağa, müstəqil ailə sahibi olmağa can atırlar. Bu tip ailələrdə uşaqların tərbiyəsinə valideynlərin təsiri bir o qədər də hiss olunmur, əvəzində bu funksiyanı olduğu mühit, kütləvi informasiya vasitələri, məktəblər, cəmiyyətdə mövcud sosial qruplar və s. yerinə yetirir. Bu da təbii ki, nəsillərarası konfliktlərə, mədəniyyətdə varislik prinsipinin pozulmasına gətirib çıxarır. Buna səbəb də uzun illərdir Azərbaycan ailəsinin laqeyd və sistemsiz siyasətdən əziyyət çəkməsidir. Təəssüflər olsun ki, bu da cəmiyyətin formalaşmasına təsirsiz ötüşmür”. 

İ.Sadıqova qeyd edib ki, Azərbaycandakı son illərin statistikasına görə ailə-nikah münasibətlərində problemlərin artdığını, xüsusilə boşanma, məişət zorakılığı sahələrində problemlərin çoxaldığını görə bilərik:

“Ölkəmizdə 10 illik statistik göstəricilərə nəzər salsaq görərik ki, 2014-cü ildə ölkədə 84912 evlilik, 12088 boşanma, 2023-cü il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma, 2024-cü ilin ilk aylarında 13 859 nikah və 6933 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Bu, ciddi bir göstəricidir. Boşanmaların cəmiyyətimizin gələcəyi üçün fəsadları çox böyük olacaq.

Tədqiqatlar göstərir ki, natamam ailələrdə böyüyən uşaqların şəxsiyyət kimi formalaşması, cəmiyyətdə yüksək mövqe tuta bilməsi məsələsi çox aşağı səviyyədədir. Nikahların pozulmasının müxtəlif səbəbləri var: xasiyyətlərin uyğunsuzluğu, uşaq olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, ər-arvadın əlilliyi, uzun müddət ayrı yaşama, ailə münasibətlərinin pozulması, valideynlərin ailə münasibətinə müdaxiləsi, xaricdə yaşamaq istəyi və digər hallar.

Əsas məsələ nikahın pozulmasına gətirib çıxaran səbəbləri mümkün qədər aradan qaldırmaq, habelə nikahların pozulması ilə bağlı yaranan hüquqi-psixoloji problemləri qanuni müstəvidə həll etməkdir. Hazırda Azərbaycanda müəyyən sosial-psixoloji problemlərin ailənin möhkəmliyinə xələl gətirdiyini də etiraf etməliyik.

Boşanmalara və ailə münaqişələrinə əsas səbəb olan həmin problemlərin psixoloqlar tərəfindən obyektiv araşdırılması, gənclər arasında maarifləndirmə, təbliğat işinin gücləndirilməsi qarşıda duran vacib vəzifələrdən biri olmalıdır. İnsanlar ailə və ailə dəyərlərini, ailə məsuliyyətini dərk etmədən, evliliyə hazır olmadan ailə qurduqları üçün boşanma halları daha da artıb”. 

Həmsöhbətimiz vurğulayıb ki, cəmiyyəti narahat edən məsələlərdən biri də erkən nikahlar, qohum evliliklər və məişət zorakılığıdır:

“Uzun illərdir ki, bu sahələr üzrə müvafiq qurumlar mübarizə aparır, lakin uğurlu bir nəticələr əldə olunmayıb.

 Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur.

Belə ki, 2022-ci ildə 18 yaşadək gəlinlərin 270, bəylərin sayı isə 0 sayı qeydə alınıb. Eyni zamanda, 2022-ci ildə yerli icra hakimiyyəti orqanlarından əldə edilən məlumatlara əsasən 269 erkən evliliyin qarşısı alınmışdır. Lakin AR Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə yalnız 2023-cü ildə cəmi 1 cinayət işi açılmışdır. Ölkədə qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2363, 2022-ci ildə isə 2542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub. 

Araşdırmalar göstərir ki, qohum evliliklərindən dünyaya gələn uşaqlardan genetik xəstəliklərin yaranması ən çox risk alındadır. Demək olar ki, hər ay sosial şəbəkələr vasitəsilə yeni faktlar işıqlandırılır, məsələlər ictimailəşəndən sonra qarşısı alınmağa cəhd edilir. Düşünürəm ki, hələ də XXI əsrdə Azərbaycanda erkən nikah və qohum evlilikləri bağlı problemlərin mövcud olması düzgün maarifləndirmə siyasətinin aparılmaması ilə bağlıdır.

Xüsusilə də KİV-lərin bu istiqamətdə rolu böyükdür. Təəssüflə qeyd edirəm ki, efir məkanlarımızı daha çox ailə dəyərlərinə zidd verilişlər zəbt edib. Ailə-məişət mövzularına həsr olunan sosial verilişlər insanlara şüuraltı mənəviyyatsızlıq, dəyərsizlik aşılayır. Hər baş verən neqativ halı cəmiyyətə normal bir hal kimi qəbul etdirməyə çalışılır. Nəticədə, uşaqlarını atıb başqa biriylə qoşulub qaçan analar, başqa qadınlara qoşulub ailəsinə şiddət göstərən kişilər, uşaqlarını evdə ac qoyub zərərli vərdişlərə aludə olan valideynlərin sayı artır və cəmiyyət də onları artıq normal hal kimi qəbul edir”. 

İlahə Sadıqova əlavə edib ki, bu cür verilişlərdə çox vaxt ictimai müzakirələr zamanı erkən nikahlara, qohum evliliklərinə haqq qazandırılır. Sanki azyaşlı uşaqlar ailə qurmasalar, mütləq əxlaqsızlıq edəcəklərmiş kimi fikirlər təbliğ edilir. Bu, heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümunəsi” kimi dəyərləndirilməlidir:

“Bu istiqamətdə sosial şəbəkələrin rolu daha ürəkaçandır. Belə ki, vətəndaş cəmiyyəti və bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatları bu məsələlərlə bağlı hadisələrlər qarşılaşan kimi dərhal məsələni ictimailəşdirir və müvafiq orqanlar məsələyə müdaxilə edir, qarşısını almaq üçün müvafiq tədbirlər görürlər. Lakin bütün bunlar effektiv nəticə vermədiyi üçün Azərbaycan Parlamentinə qohum nikahlar və erkən nikahlarla bağlı Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri təqdim edilib və layihə birinci oxunuşda təsdiqlənib.

Belə ki, mövcud Ailə Məcəlləsinə görə üzürlü səbəbdən nikah yaşının 1 yaş azaldılması norması var. Lakin üzrlü səbəblərin hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma özlüyündə sui-istifadə amili kimi qiymətləndirilir. Layihədə qeyd olunan məcəllələrə dəyişiklik etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi təklif olunur. Azərbaycanda 18 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər 2 min manatdan 3 min manatadək cərimə və iki ilədək həbs olunacaq. 

Ümid edirəm ki, bu dəyişikliklər neqativ halların azalmasına səbəb olacaq, lakin hər kəsə məlumdur ki, qadağalardan daha çox maarifləndirmə və düzgün təbliğat daha effektiv yoldur. Ona görə də düşünürəm ki, KİV vasitələri ilə bu sosial problemləmlərlə bağlı xüsusi maarifləndirici verilişlər yayınlanmalıdır. 

Kommersiya faktorunu və bu tip verilişlərin reytinq və yüksək gəlir gətirmədiyini nəzərə alsaq, dövlət qurumlarının bu verilişlərin yayınlanmasına sponsorluq etməsi yaxşı olardı”. 

Partiya funksioneri onu da əlavə edib ki, cəmiyyəti narahat edən digər məsələlərdən biri də məişət zorakılığıdır:

“Artıq qadın və uşaq sığınacaqlarımız məişət zorakılığı qurbanları ilə “dolub-daşır”. Onları yerləşdirməyə, reabilitasiyasını təşkil etməyə mövcud sığınacaqların sayı, resursları kifayət etmir. Təssüf ki, Azərbaycanda 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilsə də, məişət zorakılığı faktlarının azalmadı.

Statistik göstəricilərə görə, 2022-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1196 nəfər qadın qurban qeydə alınıb. 2023-cü ildə Daxili İşlər Nazirliyi məişət zorakılığı ilə bağlı 9389 şikayət qeydə alıb, qeydiyyata alınmış hadisələrlə əlaqədar 1386 nəfər məişət zorakılığı ilə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunub. Qadın zorakılığı hələ də qlobal problem olmaqda davam edir. Cəmiyyətdə qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir.

BMT-nin məlumatına görə, dünyada qadınların və qızların 35 faizi ömründə ən azı bir dəfə fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır. 

Qadınlara qarşı məişət zorakılığı dünyanın hər yerində, təhsildən və maddi təminatdan asılı olmayaraq cəmiyyətin bütün təbəqələrində baş verir. Hətta müstəqil və özünə güvənən, ayaqları üzərində durmağı bacaran avropalı qadınların 15 faizə qədəri gündəlik məişət zorakılığının qurbanı olur. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir.

Məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də problemin aradan qaldırılması, azaldılması üçün bu məsələ dövlət siyasətinin prioritetlərindən olmalıdır. Bir dəfə bu ifadəni işlətmişəm, indi lap yerinə düşür. Bir cəmiyyətin mədəni səviyyəsi onun qadına olan münasibətilə özünü göstərir. Qadına və uşağa olan münasibət insanın cəmiyyətdəkilərə qarşı nə dərəcədə düzgün və mərhəmətli ola biləcəyinin qüsursuz mənəvi ölçüsüdür”. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 

Vilayət Muxtar 
“Cebhe.info”