Şagirdlərin biliyi artıb, yoxsa DİM "yumşalıb?"

“Repetitorluq dövrü başa çatır. Dövlət İmtahan Mərkəzi (DİM) rəsmlərinə məxsus kursların çöküşü başlayacaq”.
Bu fikirləri təhsil üzrə ekspert Məzahir Məmmədli deyib.
O qeyd edib ki, son iki gündür buraxılış imtahanlarının nəticələri geniş müzakirə olunur:
“Əziz dostlar, görünən odur ki, illərdir təhsilin “olmazsa-olmazı” kimi qəbul etdiyimiz repetitorluq sistemi tədricən sıradan çıxır. DİM-in qismən mövqe yumşaltması həm şagirdlərin, həm də valideynlərin üzünü güldürüb. Artıq son iki ilin nəticəsinə görə, maksimum nəticə göstərən şagird sayı təxminən 100 nəfərə catıb. (keçən il 55 bu il bu rəqəm 43-dür) Bu nəticələr arasında yalnız məktəb təhsili ilə uğur qazanan, repetitor yanına getməyən şagirdlər də var”.
Ekspert bildirib ki, DİM rəhbərliyinə aid olan kursların da populyar olduğu, “bunker müəllimlər” dövrü kimi tanınan 1994-95-ci illərdən bu yana formalaşmış sistem artıq arxada qalır:
“Bu il müxtəlif liseylər, gimnaziyalar, hətta kənd məktəblərindən belə yüksək nəticə göstərən şagirdlərin sayı artıb. Nümunə kimi bu günlərdə sosial şəbəklərdəki müzakirələri ğöstərə bilərik.Gəncədə bir liseyin şagirdləri 90 % yüksək nəticə əldə edib, Lənkəranın Vilavur kəndindən olan məzunların əksəriyyəti isə repetitor dəstəyi olmadan yüksək nəticələr göstəriblər. Ucqar rayonlardan maksimum 300 ballıq bir neçə məzunlarımız oldu”.
Qeyd edək ki, ötən illərdəki buraxılış və qəbul imtahanlarında düşən imtahan sualları ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Belə ki, valideynlər həmin imtahanlarda hər il sualların daha da çətinləşdiyini və buna görə də övladlarını repetitor yanına göndərməyə məcbur olduqlarını bildirirdilər.
Son iki ilin buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərin sayının artması onların bilik səviyyəsinin artması, yoxsa DİM-in sualları “yumşaltması” ilə bağlıdır?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”a bildirib ki, ötən il 53 nəfər, bu il isə 43 nəfər buraxılış imtahanlarında maksimum nəticə olan 300 balı topladı:
“Ancaq əvvəlki illərə baxdıqda, belə yüksək nəticəni göstərən 1-3 nəfər görmək mümkün idi. Nəticələri təhlil etdikdə görürük ki, suallarda xeyli “yumşalma” var. Məsələn, daha konkret suallar qoyulur. “İkibaşlı” suallara demək olar ki, rast gəlinmir. Mətnlər qısalıb, hətta bəzən sualın cavabı sualın özündədir. Sualların buraxılış imtahanlarında “yumşalması” normaldır.
Nəyə görə? Ona görə ki, şagirdə üç fənndən attestat qiyməti oradan yazılır. Kolleclərə qəbul ordandır. Hətta yüksək texniki peşə məktəblərinə qəbul da o fənnlər üzrə aparılır. Bunları nəzərə alıb yerlər boş qalmasın deyə, həm də bilik səviyyəsi aşağı düşməməsi üçün DİM “yumşalmaya” gedib. Düşünürəm ki, abituriyentlərin bilik səviyyəsi artmayıb. Bir neçə il öncə necə idisə, indi də elədir. Hətta indikilərdən daha savadlıdırlar”.
Repetitorluğun ləğvinə gəldikdə isə, ekspert deyir ki, bu, mümkün olan məsələ deyil:
“Ümumiyyətlə, dünyanın bir çox yerlərində repetitorluq var. Təəssüf ki, Azərbaycanda çox ifrat dərəcədədir. Repetitorluğun geniş yayılması qorxuncdur, təhlükəlidir. Ancaq biz bu gün etiraf edək ki, nə qədər Elm və Təhsil Nazirliyi bunu dansa da, repetitorluq institutu məktəbləri keçib. Bu gün orta məktəblər universitetə tələbə yox, vətəndaş yetişdirmək mövqeyini tutub. Ancaq heç onu da yetişdirə bilmir. Çünki nə qədər neqativ hallar, bıçaqlanma, zorakılıqlar, buldinqlər kimi amillərlə məktəb çox zəifləyib.
Bu da idarəçiliyin çoxşaxəli bölünməsidir. Yəni Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA), Regional Təhsil idarələri və s. var. Bu gün repetitorluğun ləğv olunması bəlkə də mərhələli şəkildə olacaq. Məsələn, “X” bir uşaq nə qədər savadlı olsa da, o XI sinifdə oxuyur və DİM V sinifdən XI sinifə qədər suallar soruşur. Nə qədər biliyi olsa da, V-VII siniflərdəki fənnləri unudur. Məcburdur ki, repetitor yanına getsin.
Dünyanın bir çox ölkələrində aşağı siniflərdən qəbul sualları götürülmür. Məsələn, tarixdən imtahan versə, son dövrün hadisələri, Qarabağla bağlı sual verilə bilər. Bu zaman əvvəlki imtahan balları toplansın və bir nəticə alınsın. Bu, həm abituriyenti stressdən, həm valideynləri külli miqdarda repetitor xərclərindən qurtarar.
Belə hallarla repetitorluğu mərhələli şəkildə azaltmaq olar. Ancaq repetitorluğun birmənalı şəkildə ləğvi mümkün olmayacaq. Çünki müəyyən qədər qarşısını almaq olar. Bu gün üçün I sinifdə oxuyan uşaq belə, repetitor yanına gedir. O qəbul imtahanına hazırlaşır? Yox. Həm də bir növ repetitorluq dəb halındadır. Deyirlər ki, “mənim də uşağım repetitor yanına getməlidir”.
Bu gün bizdə problem ETN-in proqramı ilə DİM-in proqramının qətiyyən uyuşmamasıdır. Standartların uyuşmaması odur ki, XI sinifdə oxuyan uşaq V sinifdən imtahan verir və onu unudur.
Yəni şagird son iki ilin imtahanını versə və əvvəlki ilin KSQ-BSQ (Böyük Summativ Qiymətləndirmə və Kiçik Summativ Qiymətləndirmə) formasında yığılan balda bir nəticə alınsa və ümumi balın üzərinə gəlinsə, onda repetitorluğun qarşısını xeyli almaq olar. Ancaq birmənalı şəkildə repetitorluğu tam ləğv etmək mümkün deyil”.
Nigar Abdullayeva
“Cebheinfo.az”