Tanınmış tarixçidən Çaldıran döyüşü ilə bağlı müzakirələrə REAKSİYA

“Tarixi oxuyan hər kəs bilir ki, Şah İsmayılın dövründə ümumiyyətlə, İran anlayışı, İran dövləti, fars ideologiyası olmayıb”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında tarixçi alim Zaur Əliyev deyib.
O qeyd edib ki, Şah İsmayıl özü türk oğlu türk idi:
"Avropalı səyyahlar, tədqiqatçılar, Osmanlı salnamələri və bu gün Türkiyədəki bir çox tanınmış tarixçilər bunu təsdiqləyirlər. Şah İsmayıl Xətai türkdür, buna heç bir şübhə yoxdur.
İndi buna don geyindirirlər ki, guya bizim Şah İsmayılı müdafiə etməyimiz və ya ona olan dəstəyimiz hansısa məzhəblə bağlıdır. Amma başa düşmürlər ki, məsələ tamamilə fərqlidir. Əgər Ərdoğanın çıxışında ifadə etdiyi fikir bu şəkildə səslənsəydi ki, Osmanlı ordusu qalib gəlib, biz bunu heç müzakirə etməzdik. Osmanlı ordusu bizim türk qardaşlarımızdır, canıbir, qanıbir qardaşlarımız.
Problem ərəb və kürdlərlə bağlı işlənən ifadədədir. Birincisi, həmin dövrdə o coğrafiyada nə ərəb kimliyi vardı, nə də ərəb döyüşkənliyi. Ərəblərin bizim torpaqlarda, Azərbaycan ərazilərində qalib gəlməsi mümkün deyildi. Eyni zamanda, bizi narahat edən əsas məsələ budur ki, Səfəviləri fars və İran dövləti kimi tanıtmağa çalışırlar. Tarixi oxuyan hər kəs bilir ki, Şah İsmayılın dövründə ümumiyyətlə, İran anlayışı, İran dövləti, fars ideologiyası olmayıb.
Bəs bunu farsa bağlamağın nə mənası var? İkincisi, türkün türkü məğlub etməsi zəfər sayıla bilməz. İstanbulun fatehi, Fateh Sultan Mehmetin Konstantinopolu fəth etməsinə sevinirik, çünki bu, əsl zəfər idi".
Tarixçi bəzi fikirlərin doğru olmadığını vurğulayıb:
“Sanki Səfəviləri zorla İran tarixinə birləşdirirlər. Axı nəyə əsaslanaraq bizim 500 illik tariximizi əlimizdən alırlar? Onda belə çıxır ki, Azərbaycan tarixində, bu bölgədə 500 il boyunca dövlətçilik, türk kimliyi olmayıb?
Bəs Qaraqoyunlular, Ağqoyunlular, Səlcuqlular, Eldənizlər kim idi? Onlar bizim torpaqlarda qurulan dövlətlər idi, bizim qanımızdan olan babalarımız idi.
Səfəvini niyə İrana bağlamağa çalışırlar? Əgər İranla bağlı hansısa siyasət varsa, buyursunlar, amma bizim tarixi təhrif etməsinlər. Onsuz da Azərbaycanda əhalinin böyük bir hissəsi İran rejiminə nifrət bəsləyir və bu nifrət məzhəbə görə deyil. Bu nifrət İran rejiminin Azərbaycan türklərinə və xalqımıza qarşı apardığı siyasətə, xalqın başına gətirdiyi bəlalara görədir.
Niyə bu məzhəb mövzusunu ortaya atırlar? Lap Şah İsmayıl Xətai Sultan Səlimə dəfələrlə məktublarında yazırdı ki, bu qan-qadadan uzaq duraq.
Ərdoğan türk dünyasının ən öndə gedən liderlərindən biridir. Amma xahiş edirik, bizim tariximizi türk dünyasından ayırmayın. Bizim coğrafiyada əsla və əsla fars dövləti olmayıb!"
Əfsanə Rəcəb
“Cebheinfo.az”