"Apple" şirkəti məhkəməyə verildi

ABŞ-da federal məhkəmə "Apple" şirkətinin "App Store" ilə bağlı ədalətli rəqabət qaydalarına əməl etmədiyinə qərar verib.
"Cebheinfo.az" xəbər verir ki, hakim bildirib ki, "Apple" məhkəmənin daha əvvəl verdiyi qərarı pozub və bu səbəbdən məsələ federal prokurorluğa yönləndirilib. Qeyd edək ki, məhkəmə 2021-ci ildə qərara almışdı ki, "Apple" istifadəçiləri daha sərfəli ödəniş yollarına yönləndirməyə imkan yaratmalıdır.
Bu qərar “Fortnite” oyununun istehsalçısı "Epic Games"-in iddiası əsasında verilmişdi. "Apple" isə iddianı rədd edir və bildirib ki, qərarı yerinə yetirmək üçün addımlar atıb. Hakim İvon Qonsales Rocers son qərarında qeyd edib ki, "Apple"-ın atdığı addımlar həm aldadıcı olub, həm də açıq-aşkar məhkəmə qərarına ziddir. O, həmçinin "Apple"-ın maliyyə vitse-prezidenti Aleks Romanın ifadələrinin də yanlış məlumatlarla dolu olduğunu bildirib.
"Epic Games"-in rəhbəri Tim Suini bu qərarı həm tərtibatçılar, həm də istifadəçilər üçün böyük qələbə adlandırıb:
“Bu qərar "Apple"-ı digər ödəniş sistemləri ilə rəqabət aparmağa məcbur edir. Əvvəldən də istədiyimiz məhz bu idi”.
"Epic" bildirib ki, "Apple" son vaxtlar "App Store"-dan kənarda edilən ödənişlər üçün tərtibatçılardan 27 % komissiya tələb etməyə başlayıb, üstəlik istifadəçiləri alternativ ödənişlər barədə çəkindirmək üçün xəbərdarlıqlar göstərir.
Məhkəmənin yeni qərarına əsasən, "Apple"-a bu cür komissiyalar tətbiq etmək və tərtibatçıların istifadəçilərlə əlaqə qurmasına mane olmaq qadağan edilir.
Hakim bildirib ki, "Apple" artıq qərarı təxirə sala bilməz çünki şirkət bu vaxta qədər prosesi bilərəkdən uzadıb.
"Apple" qərara qarşı apellyasiya şikayəti verəcəyini açıqlayıb. Hazırda isə məsələ federal prokurorluğun diqqətinə təqdim olunub. Şirkətə qarşı gələcəkdə cinayət işi açılıb-açılmayacağı hələ bəlli deyil.
Səbinə Uğur
"Cebheinfo.az"