Gürcüstan bu tarixə kimi Aİ-yə üzv olacaq

Gürcüstan bu tarixə kimi Aİ-yə üzv olacaq

Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası vəd edib ki, 2030-cu ilədək Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün digər namizəd ölkələrdən daha hazırlıqlı olacaq. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə partiyanın qurulmasının 13-cü ildönümü münasibətilə yayılan rəsmi bəyanatda qeyd olunub.

“Avropa bürokratiyası hələ də Gürcüstana təzyiq və şantajla məşğuldur, qeyri-demokratik qüvvələri yenidən hakimiyyətə qaytarmağa çalışır. Buna baxmayaraq, cəmiyyətə söz veririk ki, siyasi komandamız bütün çətinliklərin öhdəsindən ləyaqətlə gələcək və Gürcüstan Aİ-nin 2030-cu ildə nəzərdə tutulan genişlənməsini digər namizəd ölkələr arasında ən hazırlıqlı şəkildə qarşılayacaq”, – bəyanatda deyilir.

“Gürcü Arzusu” ümid edir ki, həmin dövrə qədər “Avropa İttifaqında bu gün hökm sürən bürokratiya” gələcəyi düşünən, müstəqil və layiqli bir Avropa elitası ilə əvəz olunacaq.

Hakim partiya bəyanatında vurğulayır ki, bu gün Gürcüstan “heç vaxt olmadığı qədər müstəqil və suverendir” və heç kim ölkənin rəhbərliyini dövlətin maraqlarına zidd addımlar atmağa məcbur edə bilməz.

““Gürcü Arzusu” hakimiyyəti Gürcüstanın milli maraqlarına əsaslanaraq fəaliyyət göstərir və bu maraqların hesabına heç vaxt güzəştə getməyəcək”, - deyə bildirilib.

Səbinə Uğur
"Cebheinfo.az"