NATO qırıcıları havaya qaldırıldı

Almaniya Müdafiə Nazirliyi təsdiqləyib ki, NATO-ya məxsus qırıcılar 27 martda Rusiya Hərbi Hava Qüvvələrinə aid “İl-20M” təyyarəsinin Baltik dənizində, Rügen adasının şərqində görünməsi səbəbindən havaya qalxıb. Lakin təyyarə NATO hava məkanını pozmayıb.
"Cebheinfo.az" xəbər verir ki, nazirliyin sözçüsü Natali Yenning jurnalistlərə verdiyi açıqlamada bildirib ki, dünən Baltik dənizi üzərində naməlum bir təyyarə qeydə alındığı üçün Almaniya Hərbi Hava Qüvvələrinə aid qırıcılar havaya qaldırılıb.
“Təyyarə uçuş planı olmadan və transponder siqnalları vermədən hərəkət edib. "Eurofighter" qırıcıları Rusiya təyyarəsini müəyyən edərək müşayiət edib. Bu tip hadisələr kifayət qədər normal sayılır”, - deyə o qeyd edib.
O vurğulayıb ki, hazırda belə insidentlərin sayında ciddi artım müşahidə edilmir və Rusiya təyyarəsi nə NATO-nun, nə də Almaniyanın hava məkanına daxil olmayıb.
Rusiya Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Rusiyaya məxsus hərbi təyyarələr beynəlxalq hava məkanında bütün uçuşlarını beynəlxalq qaydalara uyğun həyata keçirir.
Səbinə Uğur
"Cebheinfo.az"