Nazir Aİ-yə qarşı çıxdı

“Avropa İttifaqının Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı heç bir strategiyası yoxdur. Kiyevin silah və pulla təmini isə bu strategiya boşluğunu gizlətmək cəhdidir”.
"Cebheinfo.az" bildirir ki, bu fikirləri Macarıstanın Avropa İttifaqı (Aİ) məsələləri üzrə naziri Yanoş Boka “Financial Times” qəzetinə açıq məktubunda ifadə edib. “Şübhəsiz ki, Aİ daxilində Ukraynadakı münaqişəyə münasibətdə mümkün strategiya ilə bağlı fikir ayrılıqları mövcuddur. Hazırda Aİ-nin belə bir strategiyası yoxdur, çünki Ukraynaya lazım olduğu qədər dəstək vermək və onu silahlandırmaq strategiya deyil, sadəcə onun olmamasını gizlətmək üçün istifadə olunan bir ifadədir”, – deyə Boka bildirib.
Nazir qeyd edib ki, Trampın administrasiyasının münaqişəni nizamlaması və eyni zamanda Rusiya ilə münasibətləri normallaşdırmağa çalışması Avropa İttifaqı üçün “tamamilə yeni siyasi kontekst” yaradır. Onun sözlərinə görə, Budapeşt ardıcıl olaraq münaqişənin lokallaşdırılması, deeskalasiyası və döyüşlərin dayandırılmasını, Avropada təhlükəsizlik arxitekturasının bütün maraqlı tərəflərlə müzakirəsini, həmçinin Aİ-nin fərdi və kollektiv müdafiə imkanlarının inkişafını dəstəkləyir. “Bu, hüquqi və məntiqli yanaşmadır. Belə bir yol Aİ-ni müharibəyə daxil olmaqdan çəkindirə və müharibə gedən ərazilərdə sülhün qurulması üçün şans yarada bilər”, – deyə Boka yazıb.
Səbinə Uğur
"Cebheinfo.az"