Qanunsuz ağac kəsənləri həbs cəzası GÖZLƏYİR

İngiltərədə “Sycamore Gap” adı ilə tanınan məşhur çinar ağacını 2023-cü ildə kəsən iki nəfər barəsində ən azı 10 il həbs cəzası tələb olunur.
"Cebheinfo.az" xəbər verir ki, Şimaldakı Northumberland bölgəsində yerləşən bu ağacı Daniel Qraham və Adam Karrazers kəsiblər.
Bununla onlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Hadrian Divarına da ziyan vurublar.Bu vəhşi əməl nəticəsində ümumilikdə 622 min funt-sterlinq dəyərində zərər meydana gəlib.
1991-ci ildə çəkilmiş “Robin Hood: Oğruların Şahzadəsi” filmində yer alan bu ağac, təbii mənzərəsi ilə illər ərzində simvolik bir görkəm almışdı.
Ən azı 100 yaşı olan bu çinar ağacı, incə gövdəsi və Roma imperatoru Hadrian tərəfindən eramızın 122-ci ilində inşa edilən qədim divarın təpəsindəki mövqeyi ilə nəsillər boyunca böyük rəğbət qazanmışdı.
Müttəhimlərin ağacı əyləncə məqsədilə elektrikli mişarla kəsib bu anları videoya çəkməsi cəmiyyətdə ciddi narazılıq və qəzəb doğurmuşdu.
Əfsanə Rəcəb
"Cebheinfo.az"