Rus turistin döyüldüyü obyekt BAĞLANDI

Mayın 16-da Türkiyənin Alanya şəhərində məşhur Damlataş çimərliyində baş verən hadisədə rusiyalı turistlə çimərlik işçiləri arasında şezlonq kirayəsi üstündə mübahisə düşüb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, şezlongların qiymətlərini baha görən əcnəbi turist əşyalarını qumun üstünə qoyub dənizə girmək istəyəndə, digər turistlərin gözü qarşısında 3 işçi tərəfindən döyülüb.
Çimərlikdə günəş vannası qəbul edənlərin mobil telefonla lentə aldığı görüntülərdə otel işçiləri olduğu ehtimal edilən 3 nəfərin rus turisti döydüyü görünür. Görüntülər mətbuatda yayıldıqdan sonra səlahiyyətlilər hərəkətə keçib. Hadisənin sosial mediada əks olunan görüntülərindən sonra Alanya Valiliyi dərhal tədbir görüb.
Sözügedən biznes obyekti həmin gün möhürlənib. Rusiyalı turisti döyənlərə qarşı həm məhkəmə, həm də inzibati prosedurlar başlayıb. Hadisənin ardından mətbuata yazılı açıqlama göndərən biznes sahibi Serhan Koçaroğlu iddialara fərqli yanaşıb. NTV-də yayımlanan xəbərə görə, Koçaroğlu "Sərxoş olduğu anlaşılan rus turist türk müştərimizə şezlong atdı.
Mən müdaxilə etmək istəyəndə, mənə hücum etdi",- deyib. Hücum üçün tibbi rəy aldığını və turistin heç bir rəy almadığını iddia edən Koçaroğlu sosial mediada paylaşılan görüntülərin hadisənin başlanğıcını deyil, sonrasını əks etdirdiyini deyib.
Çimərlik davasının görüntüləri sosial mediada sürətlə yayılaraq böyük əks-səda doğurub. Turizm mütəxəssisləri mövsümün əvvəlində baş verən bu cür hadisələrin reputasiyaya xələl gətirə biləcəyi barədə xəbərdarlıq etsə də, səlahiyyətlilər oxşar hadisələrin baş verməməsi üçün yoxlamaları artıracaqlarını açıqlayıblar.
Nigar Hacılı
"Cebheinfo.az"