Tehranda yüzlərlə bankın elektrik enerjisi kəsilib

Tehranda yüzlərlə bankın elektrik enerjisi kəsilib

İranın paytaxtı Tehranda 700-ə yaxın bank şöbəsində enerjiyə qənaət tədbirləri çərçivəsində müəyyən edilmiş istehlak həddini aşdığı səbəbilə elektrik enerjisi kəsilib.

"Cebheinfo.az" xəbər verir ki, İranın elektrik paylayıcı şirkəti “Tevanir”in baş direktoru Mustafa Rəcəbi Məşhədi dövlət televiziyasında verdiyi açıqlamada enerjiyə qənaət tədbirləri çərçivəsində görülən tədbirləri açıqlayıb.

Abunəçilərin istifadə limitini aşması halında hər 20 dəqiqədən bir 1 saat elektrik kəsilməsi tətbiq olunduğunu qeyd edən Meşhedi, tətbiqin smart sayğaclar vasitəsilə həyata keçirildiyini bildirib.

"Dünən Tehranda 700-ə yaxın bankın elektrik enerjisi istehlak həddini aşdığı aşkar edildikdən sonra kəsilib", - Məşhədi bildirib. 

İran rəsmisi elektrik enerjisinin əhaliyə ədalətli şəkildə çatması üçün yaşayış, ticarət və inzibati abonentləri qənaət etməyə çağırıb.Dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına malik ölkələrdən biri olan İran son aylarda iqtisadi sanksiyaların ağır təzyiqi, qeyri-adekvat infrastruktur və sürətlə artan enerji tələbi səbəbindən enerji böhranı yaşayır.

İranda xüsusilə isti havalarda, kondisionerlərdən istifadə edildikdə enerji tələbatı pik həddə çatır. Ölkədə enerjiyə qənaət praktikası geniş yayıldıqca, səlahiyyətlilər resurslardan səmərəli istifadə etməyə çağırırlar.

Nigar Hacılı
"Cebheinfo.az"