Yeni Papa ilk səfərini Türkiyəyə edəcək

Katoliklərin ruhani lideri və Vatikan şəhər-dövlətinin rəhbəri Papa XIV Leo, vəzifəyə seçildikdən sonra konklav (papalığın seçilməsi) prosesini izləyən təxminən 4 min jurnalistlə görüş zamanı sələfi Papa Fransiskin Birinci İznik Konsilinin 1700 illiyi münasibətilə Türkiyəyə səfər etmək arzusu ilə bağlı sualı cavablandırıb.
“Cebheinfo.az” xəbər verir ki, jurnalistlərdən biri Papa Fransiskin ömrü çatmadığı üçün reallaşdıra bilmədiyi Birinci İznik Konsilinin 1700 illiyi münasibətilə Türkiyəyə səfər etmək istəyindən bəhs edərək, yeni Papanın bu səfəri reallaşdırıb-reallaşdırmayacağını soruşub.
Papa XIV Leo isə bu suala “Bunu bilirəm. Hazırlaşırıq” cavabını verib.Papa XIV Leo çıxışında, “Sülh hər birimizdən başlayır. Başqalarına necə baxdığımız, onları necə dinlədiyimiz və onlar haqqında necə danışdığımızla başlayır. Bu baxımdan, ünsiyyət tərzimiz əsas əhəmiyyət daşıyır.
Sözlərin və görüntülərin savaşına “yox” deməliyik. Müharibə düşüncəsini rədd etməliyik”, sözlərindən istifadə edib.
Papa zamanın çətinliklərindən danışıb:
“Həm yaşamaq, həm də bu günləri anlamaq baxımından çətin dövrlərdən keçirik. Bu çətinliklərdən qaçmamalıyıq. Əksinə, hamımızdan xahiş olunur ki, vəzifəmizdən və xidmət sahəmizdən asılı olmayaraq, çətinliyə düşməyək. Kilsə zamanın çağırışını qəbul etməlidir. Eləcə də ünsiyyət və jurnalistika da tarixin və zamanın xaricində ola bilməz”.
Qeyd edək ki, Birinci İznik Konsili xristianlıq tarixində mühüm yer tutur. Roma imperatoru I Konstantinin çağırışı ilə 325-ci ildə keçirilən konsildə kilsəyə bağlı bütün yepiskoplar iştirak etmiş və xristianlığın əsas dini məsələləri müzakirə edilərək qərara bağlanmışdır.
Əfsanə Rəcəb
“Cebheinfo.az”