Bakıda avtomobil yürüşü olub - FOTO

Bakıda avtomobil yürüşü olub - FOTO

Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elektrik avtomobillərin yürüşü olub.

Cebhe.info xəbər verir ki, yürüş Azərbaycan avtomobil dilerləri assosiasiyasının (AADA) təşkilatçılığı ilə keçirilib.

Assosiasiyanın təşkilatçılığı ilə ən yeni elektromobillərdən ibarət «karvan» Heydər Əliyev Mərkəzindən Qobustan dövlət tarixi-bədii qoruğu marşrutu ilə hərəkət edərək, paytaxt sakinlərinin və çoxsaylı turistlərin marağına səbəb olub.

AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev Qobustan qoruğunda təşkil olunmuş tədbiri açıq elan edərək, aksiyanın məqsədinin Heydər Əliyev irsinin təşviqi, eyni zamanda, dövlət əhəmiyyətli tarixi-bədii qoruqlara, ətraf mühitin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdən ibarət olduğunu bildirib.

Yürüşün final mərhələsində məktəblilər arasında elan olunmuş "Gələcəyin ekoloji avtomobili" mövzusunda "onlayn" rəsm müsabiqəsinin qaliblərinin elan olunması nəzərdə tutulub.

"Ulu Öndər Heydər Əliyevin 100 illiyinin Azərbaycan ərazisində mövcud olan ən qədim insan məskənində qeyd edilməsi və eyni tədbirdə gələcəyi təsvir edən istedadlı uşaqların təltif olunması zənnimcə son dərəcə simvolik məna daşıyır." - N.Zərbəliyev qeyd edib.

Sədr çıxışında bu münasibətlə bir neçə tədbirin keçirildiyini bildirib:

"Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilib. Bu proqram çərçivəsində Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) artıq bir sıra tədbirlər həyata keçirib. Bunlardan Bakı-Mingəçevir marşrutu ilə "Yaşıl ölkə 2022" ekoloji avtomobillər yürüşü, "Avto Eko 2023" elektrik avtomobillər sərgisini misal gətirmək olar.

Azərbaycanda ilk elektromobillər yürüşü bu sırada ən parlaq aksiya oldu. Maraqlıdır ki, ən qabaqda hərəkət edən elektromobili Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev idarə edirdi və bu münasibətlə finişdə xüsusi təşəkkürnamə ilə təltif olundu. Daha sonra ekologiya naziri gələcəyin ekoloji avtomobillərini yaratmış gənc rəssamların diplom və mükafatlarını təqdim etdi. Rəsmi hissədən sonra qonaqlar üçün çay süfrəsi və Qobustan qoruğuna ekskursiya təşkil olundu".

Tədbiri yekunlaşdırarkən AADA sədri bu layihənin gerçəkləşməsində dəstək göstərmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Avtomobil Federasiyasına və eləcə də AADA-nın daimi tərəfdaşları «Mashin.Al» «onlayn» avtomobil mərkəzi və elektromobillər üçün «şarj» avadanlığı idxal edən «MLK Tech Group»a təşəkkür etdi.

Günay Şahmar
Cebhe.info