Vasif Talıbov dövrü qürub çağında 

Vasif Talıbov dövrü qürub çağında 

Naxçıvan Muxtar Respublikasında başlayan proses demokratik islahatların və mərkəzləşmənin tərkib hissəsidir.

Dövlət qurumlarının əlahiddə səlahiyyətlərə malik olması idarəetmədə problemlər yaratdığından bu addımların gerçəkləşdirilməsi real idi. Hazırda da davam edən proseslərin həyata keçirilməsi vacib şərt kimi ortaya çıxmışdı. Çünki uzun illər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun özünəməxsus idarəçiliyi davam edirdi. Bu da korrupsiya hallarının artmasına rəvac verirdi.

144 milyon manat vəsaitin korrupsiya yolu ilə mənimsənilməsi bunun bariz sübutudur. Eyni zamanda, sakinlər incidilir, hakimiyyitlə arasına bilərəkdən nifaq salınmasına cəhdlər edilirdi. Təbii ki, burada başqa amillər də var. Bir çox iddialara görə Naxçıvanda İran faktoru xüsusi ilə bilərəkdən formalaşdırılmış uzantıdır və İranın təsir dairəsini gücləndirməklə başqa məqsədlər güdülüb. Artıq təsdiqini tapan həbslər də bunu deməyə əsas verir.

Yayılan son məlumatlara görə, artıq Vasif Talıbovun yaxın ətrafı da nəzarət altındadır. Buna qədər isə Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev saxlanılaraq Bakıya gətirilib.

Qeyd edək ki, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu da həbs olunub, onunla bağlı 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bütün bunlar isə birbaşa Vasif Talıbovun adına yazılır. Təbii ki, bunun səbəbi Talıbovun Naxçıvanda vəzifə sahibi olması deyil, həm də hökm sahibi olmasıdır. Naxçıvanda Talıbovsuz bir qəpiyi belə mənimsəmək mümkün olmadığı halda, 144 milyon manatı təkbaşına mənimsəməkmi olar? Bütün hallarda Naxçıvanın faktiki rəhbəri Vasif Talıbovdur və orada baş verən istənilən məsələyə görə məhz o məsuliyyət daşııyır. Yuxarıda dediyimiz kimi, Naxçıvanda idarəetmə elə qurulub ki, orada Vasif Talıbovdan xəbərsiz heç bir məmur müstəqil hərəkət edə bilməzdi.Digər tərəfdən isə hətta hansısa məmur bunu etmiş olsa belə, bu da Vasif Talıbovun adına yazılır və yazılmalıdır.

Çünki rəhbərliyi o edir. Proseslərin gedişi onu deməyə əsas verir ki, artıq Naxçıvanda Vasif Talıbovun hakimiyyəti sona çatır. Müxtəlif vəzifə sahiblərinə qaşrı məhkəmə qərarları, onlaırn saxlanılması və ya işdən çıxarılması, Naxçıvanda idarəetmə sisteminin dəyişdirilməsi (orada fəaliyyət göstərən qurumların mərkəzə tabe etdirilməsi-müəll.) kimi məqamlar Talıbov erasının qürubunu yaşadığını göstərir. Hələlik proses yekunlaşmayıb, araşdırmalar davam edir.

Gözlənilən odur ki, araşdırma və əməliyyatlar davamlı olacaq.

Vilayət Muxtar
Cebhe.info