"Sabah" qapıçısını "Kəpəz"ə göndərməyə razı olmayıb

"Kəpəz" klubu "Sabah"ın qapıçısı Nicat Mehbalıyevi heyətinə qatmaq istəsə də, paytaxt təmsilçisi keçidə razı olmayıb.
Bu barədə Gəncə klubunun baş məşçqisi Adil Şükürov məlumat verib.
Mütəxəssis ötən mövsüm "sarı-göylər"in əsas qolkiperi olan Rojerio Santosla yolları ayıracaqlarını təsdiqləyib və onun əvəzləyicisini axtardıqlarını bildirib:
"Yaxşı qapıçı tapmaq çox çətindir. Yerlilərdən Nicat Mehbalıyevi sıralarımıza cəlb etmək istəyirdik. Amma "Sabah" keçidə razı olmadı. Braziliyada yaxşı qapıçılar var, axtarırıq, izləyirik. Lakin əksəriyyəti yüksək maaşa gəlmək istəyir. İnanırıq ki, yekunda düzgün seçim edəcəyik".
A.Şükürov ötən mövsüm heyətdə yer alan futbolçulardan ikisi ilə anlaşmaq üzrə olduqlarını bildirib:
"Mahamadu Ba və Luis Paçunun xidmətində maraqlıyıq. Hər iki futbolçu ilə yeni mövsümdə də davam etmək istəyirik. Böyük ölçüdə razılıq əldə olunub. Yeqor Xvalko və bəzi bir neçə futbolçu ilə də danışıqlarımız olacaq. Sadəcə, bu işlər mərhələli şəkildə həyata keçirilir. Vaxtımız azdır. Çalışırıq ki, ortaya yaxşı iş çıxaraq".
Qeyd edək ki, "Kəpəz" ötən mövsüm Azərbaycan Premyer Liqasını 32 xalla doqquzuncu sırada başa vurub. Mövsüm bitəndən sonra baş məşqçi Azər Bağırovla yolları ayıran Gəncə təmsilçisi onu Adil Şükürovla əvəzləyib.
“Cebheinfo.az”