Azərbaycan milyardlarla qazancı olan layihədə açar dövlətdir

Azərbaycan milyardlarla qazancı olan layihədə açar dövlətdir

“Azərbaycan və Rusiya “Şimal-Cənub” Nəqliyyat Dəhlizi çərçivəsində daha bir möhtəşəm layihəni həyata keçirməyə başlayacaq”.

Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. 

Dövlət başçısı qeyd edib ki, sözügedən dəhlizlə yükdaşımaları artırmaq üçün Azərbaycan ərazisində dəmir yolunun yeni hissələri tikilməlidir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avrasiyada ticarəti sürətləndirmək üçün Rusiya, Azərbaycan, İran və Hindistanın birgə layihəsidir. Hindistan və İran Ermənistanı dəstəklədiyinə görə, Azərbaycanın bu layihəyə icazə verib-verməyəcəyi müzakirə olunur. 

Maraqlıdır, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində Azərbaycan coğrafi və nəqliyyatları imkanları baxımından nə dərəcədə potensiala malikdir? Azərbaycan bu layihədə Ermənistanı əvəz edə bilər? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info” -ya şərhində qeyd edib ki, İran və Hindistan bu məsələdə Azərbaycanla anlaşmağa məcburdur:

““Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycanın iştirakı olmadan reallaşması qeyri-mümkündür. Bunu Rusiya da, İran da, Hindistan da çox yaxşı anlayır. Qeyd edim ki, Ermənistan ərazisi üzərindən İrandan Gürcüstana dəmir yol xətləri yoxdur. Abxaziya işğal altında olduğundan, Gürcüstandan Rusiyaya dəmir yol xətləri fəaliyyət göstərmir.

Belə bir halda həm Rusiya, həm İran, həm də Hindistan Azərbaycana üstünlük verəcək. 

Çünki Azərbaycan ərazisi üzərindən Rusiyanı İranla birləşdirən dəmir yol xətləri, eləcə də avtomobil yolları qurulub. Buna görə də Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhizinin həyata keçməsində çox mühüm və əhəmiyyətli rol oynayacaq”. 

Ekspert bir məqamı da əlavə edib ki, əgər bütün regionda nəqliyyat kommunikasiyaları açılarsa, bundan Azərbaycan və Ermənistan, o cümlədən Rusiya və İran da faydalanacaq.

Yəni region ölkələri qarşılıqlı tranzit əlaqələrindən milyard dəyərində mənfəət qazanacaq:

“Düzdür, Azərbaycanın müəyyən səbəblərdən Hindistana və İrana iradları var. Amma bu problemləri diplomatik-siyasi yolla həll etmək mümkündür. Ermənistan isə ayrı bir dövlətdir. Əgər Ermənistanın Hindistandan və başqa ölkələrdən silah-sursat alması Azərbaycana qarşı deyilsə və özünümüdafiə xarakteri daşıyırsa, rəsmi Bakı buna anlayışlı reaksiya verəcək. Heç bir şəkildə inkar oluna bilməz ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin açar ölkəsi məhz Azərbaycandır”. 

Yunis Abdullayev 
“Cebhe.info”