Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bu ilin sonunda Bakıda Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının keçirilməsi planlaşdırılır.
Bu barədə Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən bildirilib.
Xatırladaq ki, komissiyanın 7-ci iclası ötən il dekabrın 18-də Tacikistanda keçirilib.
Komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda olub.
Nazirlikdən, həmçinin vurğulanıb ki, iki ölkə arasında möhkəm və dinamik ticari-iqtisadi münasibətlər formalaşıb.
"Böyük potensialın olduğu daha əvvəl dövlət başçıları səviyyəsində qeyd edilib. Biz neft-qaz sahəsində, sənayedə, logistikada, həmçinin ekoloji təşəbbüslərin irəli sürülməsində birgə layihələrin həyata keçirilməsində maraqlıyıq. Tacikistan və Azərbaycan iqlim dəyişikliyi məsələləri üzrə əsas təşəbbüskarlardan biridir. BMT-nin beynəlxalq konfransları və COP29-un qlobal gündəliyi çərçivəsində çox yaxşı qarşılıqlı əlaqəmiz var", - nazirlikdən qeyd olunub.
Tacikistan 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edir. Bununla əlaqədar, nazirlikdən qeyd edilib ki, ölkənin MDB-yə sədrliyi konsepsiyası hazırlanıb və təsdiq edilib.
Sənədə əsasən, il ərzində MDB Hökumət Başçıları Şurasının, İqtisadi Şuranın, Dövlət Başçıları Şurasının iclaslarının, həmçinin bir sıra digər mühüm tədbirlərin keçirilməsi planlaşdırılır.
"Sədrlik dövründə əsas istiqamətlərimiz "yaşıl texnologiya"ların təşviqi, "yaşıl iqtisadiyyat"ın inkişafı, iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması, iqtisadiyyatın rəqəmsallaşdırılması və MDB çərçivəsində sənaye əməkdaşlığının dərinləşdirilməsi olacaq. Əminik ki, Birliyin iştirakçı dövlətləri bu təşəbbüsləri dəstəkləyəcəklər", - nazirlikdən qeyd olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 6,54 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Azərbaycanın Tacikistana ixracının dəyəri 6 milyon ABŞ dollara, bu ölkədən idxalının dəyəri isə 534 min ABŞ dolları olub.
“Cebheinfo.az”