Akif Nağı: “Avropa Azərbaycanın lider rolunu qəbul etdi”

Akif Nağı: “Avropa Azərbaycanın lider rolunu qəbul etdi”

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya səfəri olduqca məhsuldar keçdi.

Dövlətimizin başçısı səfər çərçivəsində bir çox ölkə rəhbəri ilə danışıqlar apardı. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşü də diqqət çəkdi.

Bu, Avropada və ABŞ-dəki bəzi mərkəzlərin planlarını da iflasa uğradığının əyani sübutu idi. Çünki Avropanın enerji ehtiyaclarının əsas hissəsi məhz Azərbaycan hesabına qarşılanır.

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İlham Əliyev Albaniyaya qalib Prezident kimi səfər etdi:

“Tiranada keçirilən toplantının əsas diqqət mərkəzində olan liderlərindən biri də Azərbaycan Prezidenti İlham Əliyev idi. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin böyük bir heyətlə dövlətimizin başçısı ilə görüşdülər.

Orada çox mühüm məsələlər müzakirə olundu. Avropanın enerji təhlükəsizliyi, regiondakı vəziyyət və Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Yəni, görüntü xatirinə olan görüş deyildi”.

Partiya sədri qeyd edib ki, Avropa İttifaqının müəyyən strukturları və Avropa Parlamenti hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyiblər:

“Hətta Azərbaycanın əleyhinə bir neçə qətnamə də qəbul ediblər. Avropa İttifaqının təzyiq və təhdidlərinə baxmayaraq, Azərbaycan geri çəkilmədi. Avropa İttifaqı da bu yolla ölkəmizi öz mövqeyindən geri çəkindirə bilməyəcəyini anladı. Hesab edirəm ki, Avropa İttifaqının rəhbərləri geri çəkilməsələr, Azərbaycanla münasibətlər arasında yeni mərhələ başlayacaq”.

Akif Nağı diqqətə çatdırıb ki, Azərbaycan hazırda 10 Avropa ölkəsini qazla təmin edir:

“Üstəlik, onlardan da 8-i Avropa İttifaqının üzvüdür. Bu da ölkəmizə qarşı çox vacib bir münasibətdir. Bu istiqamətdə əməkdaşlıq getdikcə artıdığını da vurğulamaq lazımdır. Ümumiyyətlə, bu görüş Azərbaycanın Avropa üçün enerji təhlüləsizliyi ilə bağlı əhəmiyyətini bir daha göstərdi. Eyni zamanda, ölkəmizin regiondakı lider mövqeyinin də göstəricisi idi. Avropa İttifaqı da Cənubi Qafqazda Azərbaycanın lider rolunu qəbul edir”. 

Elmir Mustafa
“Cebheinfo.az”