Ermənistan təzminat əvəzinə Zəngəzuru qaytaracaq? - AÇIQLAMA

“Ermənistan Azərbaycana təzminat ödəməlidir. Bu məsələ bütün danışıqlarda qaldırılmalıdır”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, müharibələrdə məğlub olan ölkələr mütləq şəkildə qalib tərəfə təzminat ödəyir:
“Belə nümunələr tarixdə kifayət qədər çoxdur.
Azərbaycan da bu məsələni hər zaman gündəmdə saxlamalıdır.
Təzminatın miqdarının müəyyənləşdirilməsi ilə bağlı işlər daha da sürətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, işğal dövründə Azərbaycana çox ciddi ziyan dəyib. Birbaşa və dolayı yolla dəyən zərərlər var. 30 il ərzində işğal olunmuş ərazilərdəki kənd təsərrüfatı, sənaye və digər sahələrin nə qədər gəlir gətirə biləcəyi də hesablanmalıdır”.
Partiya sədri qeyd edib ki, sözügedən təzminat 1 trilyon dollara qədər çata bilər:
“Son dövrlərdə aparılan araşdırılmalara əsasən, Ermənistan 30 illik işğal dövründə respublikamıza vurduğu ziyana görə Azərbaycana azı 800 milyard dollar təzminat ödəməlidir.
Hesab edirəm ki, bu rəqəm reallığa çox yaxındır. Buna baxmayaraq, yerli və xarici mütəxəssislərin iştirak edəcəyi birgə komissiya ilə daha ətraflı araşdırılma da aparıla bilər. Nəticədə, hətta bu rəqəmin 1 trilyon dollara çatması belə mümkündür”.
Akif Nağının sözlərinə görə, Ermənistan sözügedən təzminatın əvəzinə Qərbi Zəngəzuru Azərbaycana qaytara bilər:
“Ermənistan bu təzminatın bir hissəsinə əvəz olaraq tarixi ərazilərimizi qaytara bilər. 100 il bundan əvvəl qeyri-qanuni şəkildə Ermənistana verilən Zəngəzur və digər ərazilərimizin geri verilməsi gündəmə gətirilməlidir.
Çünki Zəngəzur 1921-ci ildə qanunsuz şəkildə iki yerə bölünərək bir hissəsi Ermənistana verilmişdi. Fikrimcə, o vaxt Ermənistana verilən ərazilərimiz Azərbaycana qaytarılmalıdır. Əlbəttə ki, Qərbi Zəngəzurun qaytarılması bütün təzminatı qarşılamayacaq.
Yerdə qalan hissəsi də güzəştə gedilməməlidir. Bu borc rəsmi İrəvanın üzərinə qoyulmalıdır. Ermənilər neçə il ərzində belə olsa, həmin borcu ödəməlidirlər”.
Elmir Mustafa
“Cebheinfo.az”