Kabinetdə başlayıb, ciblərdə bitən SAVAŞ

Donald Trampın yenidən Ağ Evə qayıdışı ilə ABŞ və Çin arasında ticarət qarşıdurması kəskin mərhələyə qədəm qoyub.
Tramp hələ seçkidən öncə rəsmi Pekini ədalətsiz ticarət praktikasında və narkotik ticarətinə dolayısı ilə şərait yaratmaqda ittiham edərək, yüksək tariflərin tətbiqini vəd etmişdi. Sözündə duran Tramp əvvəlcə Çin məhsullarına 10%, daha sonra isə əlavə 34% tarif tətbiq etdi. Son nəticədə ABŞ-nin Çin mallarına ümumi tarif dərəcəsi 145%-ə çatdı. Cavab olaraq Çin də 125%-ə qədər qarşılıqlı tariflərlə cavab verdi. İki ölkə arasında artan tariflər sadəcə rəsmi iqtisadi mexanizmlərlə kifayətlənmir.
Çin ictimaiyyəti ABŞ məhsullarından nümayişkaranə şəkildə imtina edir, Tramp isə Pekinlə bağlı ritorikasını sərtləşdirir. Nəticədə dialoqun qurulması getdikcə çətinləşir və qarşıdurma daha geniş miqyasda – texnoloji sahədə, logistika və diplomatik münasibətlərdə də özünü göstərməyə başlayır. Hazırda iki ölkə arasında ticarət faktiki olaraq dayanmaq üzrədir. Tariflər rəsmi embarqo olmasa da, iqtisadi cəhətdən eyni effekti verir. Belə ki, məhsulların qiyməti, nəqliyyat xərcləri və gömrük rüsumları nəticəsində çoxsaylı ticarət axınları dayandırılır.
ABŞ dünyanı silkələyir
Bu isə yalnız ABŞ və Çini deyil, dünya iqtisadiyyatını da silkələyir. Avropa, Asiya və Amerika birjalarında qeyri-sabitlik artır, bəzi hallarda 10–15%-lik enişlər müşahidə olunur. Ticarət zəncirlərinin dəyişməsi ehtimalı da bazarlara təsir göstərir, hər hansı bir dəqiqləşdirici bəyanat belə müsbət qarşılanır. Çin məhsulları hara yönələcək? “Ticarət müharibəsi” davamlı olacağı halda Çin üçün əsas sual bu olacaq ki, ABŞ-yə göndərilməsi planlaşdırılan mallar hara gedəcək? Əvvəlki kimi böyük həcmdə xarici bazarlara çıxış çətinləşdiyindən, ilk növbədə daxili bazar hədəflənəcək. Lakin Çin əhalisinin alıcılıq qabiliyyəti bu həcmi tam qarşılamaya bilər. Digər alternativlər arasında Vyetnam, İndoneziya, Latın Amerikası və qismən Avropa bazarları yer alır. Ancaq burada da logistik xərclər, texniki baryerlər və rəqabət kimi amillər var.
Rusiya ilə ticarət: fürsət və problemlər
Çin üçün Rusiya bazarı müəyyən mənada alternativ ola bilər, lakin burada da problemlər mövcuddur. Məsələn, avtomobil sektorunda Çin maşınlarının sürətli axını nəticəsində Rusiyada anbarlar dolub və satış dayanıb. Həm qiymət fərqləri, həm də gömrük yığımları bu bazarı tam effektiv hala gətirmir. Pekinin bu istiqamətdə güzəştə getməsi və məhsullarını lokallaşdırması zəruridir.
ABŞ-nin məqsədi nədir?
Donald Trampın əsas tələbi böyük istehsal müəssisələrinin, xüsusən də “Apple” kimi texnologiya nəhənglərinin istehsalı ABŞ-yə köçürməsidir. Beləliklə, satışdan gələn gəlir ABŞ-də qalacaq. Eyni zamanda, Tramp ABŞ məhsullarına qarşı tariflərin azaldılmasını istəyir və bu tələb yerinə yetirilərsə, öz rüsumlarını tez bir zamanda ləğv etməyə hazır olduğunu bildirir. Çinin buna necə cavab verdiyinə gəlincə, Pekin trilyon dollarlıq əmək bazarını və illərlə qurulmuş sənaye infrastrukturunu qorumaqda qərarlıdır.
Xarici istehsalı ölkəyə cəmləşdirərək inkişaf edən Çin indi bu zavodları başqa ölkələrə köçürmək niyyətində deyil. Eyni zamanda, iqtisadiyyatını ixracdan daxili istehlaka yönəltmək çətindir və vaxt tələb edir. Ona görə də Çin hazırda sərt mövqe tutur və öz iqtisadi çəkisinə arxalanaraq, ABŞ-nin birinci olaraq geri addım atacağına ümid edir.
“Zaman Çinin xeyrinə işləyir”
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, Çin və ABŞ arasında qarşıdurma təkcə iqtisadi deyil, həm də geosiyasi və qlobal siyasi liderliklə bağlı məsələdir.
"ABŞ açıq şəkildə bildirir ki, onun əsas geosiyasi rəqibi, qlobal lider kimi mövqeyinə meydan oxuyan əsas qüvvə Rusiya yox, məhz Çindir. Bu səbəbdən, Çinlə münasibətlərin gərgin olması təəccüblü deyil. ABŞ-Çin qarşıdurması yeni deyil. Trampın ilk prezidentliyi dövründə də “ticarət müharibəsi” olmuşdu. O zaman da Tramp Çinə qarşı yönəlmişdi, indi isə bu siyasəti daha geniş miqyasda, dünya üzrə tətbiq etmək istəyir, amma diqqət mərkəzində yenə də Çin dayanır.
Tramp həmin vaxtlarda Çini idxal rüsumlarını artırmaqla “cəza”landırmağa çalışmışdı, amma bu addımlar ABŞ üçün ciddi nəticə vermədi. Eyni zamanda, demokrat administrasiyaları dövründə də Çinə qarşı sanksiyalar davam etdirilib. Halbuki, Çin bu müddətdə geosiyasi baxımdan kəskin addımlar atmayıb, məsələn, Tayvanı ilhaq etməyib. Buna baxmayaraq, ABŞ onun inkişafını ləngitmək üçün ardıcıl təzyiqlər göstərir. Bu da onunla bağlıdır ki, Çin iqtisadi cəhətdən ABŞ-dən daha sürətlə inkişaf edir və zaman Çinin xeyrinə işləyir”.
Zərbə ciblərə dəyir
İ. Yuşkov vurğulayıb ki, ABŞ bu inkişafı dayandırmağa çalışır. Lakin problem ondadır ki, ABŞ və Çin bir-birlərinin ən böyük ticarət tərəfdaşıdır və bu reallıq təzyiq imkanlarını məhdudlaşdırır:
"Məsələn, Çin nadir torpaq elementlərinin dünya üzrə təxminən 70%-ni istehsal edir və ABŞ-yə bu maddələrin ixracını məhdudlaşdırmaqla cavab verir. Bu qarşılıqlı asılılıq onu göstərir ki, ABŞ Çinə təzyiq göstərmək istədikdə, özü də zərər görmək riski ilə qarşılaşır. Digər tərəfdən, ABŞ-nin Çin mallarından tamamilə imtina etməsi real deyil, bu malları əvəzləmək mümkün olmur. Bu isə ABŞ-də qiymətlərin artmasına, inflyasiyanın yüksəlməsinə gətirib çıxarır.
Çin istehsalı olan məhsullar, o cümlədən elektronika və istehlak malları ABŞ bazarında geniş yayılıb. Bu malların bahalaşmasını birbaşa sıravi amerikalılar, yəni seçicilər hiss edəcək. Bu da Tramp administrasiyasına dəstəyi azalda bilər. Beləliklə, Tramp Çinə zərbə vurmaq istəyir, amma elə etməlidir ki, öz ölkəsinə ziyan dəyməsin. Bu məsələdə ABŞ administrasiyasının hələ də konkret bir cavabı yoxdur”.
Bu müharibədə qalib olmayacaq
Beynəlxalq enerji və təhlükəsizlik əlaqələri üzrə ukraynalı ekspert, “Strategiya XXI” Qlobalistika Mərkəzinin Prezidenti, “Black Sea Security” jurnalının baş redaktoru Mixail Qonçarov bildirib ki, “tarif müharibəsi”ndə qalib olmayacaq. Daha çox uduzan tərəf ABŞ olacaq, daha az dərəcədə isə Çin zərər görəcək:
"Çin müqavimət göstərir və bu tamamilə başadüşüləndir. Məncə, bu vəziyyətdə Çin daha dözümlüdür. Ümumiyyətlə, “tarif müharibələri” adətən bir tərəfin qələbəsi ilə bitmir, hər iki tərəf itkilər verir. Xüsusilə nəzərə alsaq ki, söhbət dünyanın iki ən böyük iqtisadiyyatından gedir, nəticələrin qlobal xarakter daşıyacağı aydındır. İkinci məqam isə ABŞ və Çin arasındakı qarşıdurmadır.
Bu, təkcə iqtisadi maraqlarla bağlı deyil. ABŞ artıq uzun müddətdir ki, Çini öz dünya hökmranlığına qarşı artmaqda olan bir təhdid kimi tanıyır. Bu qənaət nə Baydenin, nə də Obamanın zamanında formalaşıb. Mən hələ 90-cı illərdə ABŞ-nin rəsmi analitik strukturlarının hesabatlarını xatırlayıram, orada Çin iqtisadiyyatının böyüməsi ilə bağlı proqnozlar verilirdi və bu böyümənin ilk növbədə ABŞ-nin iqtisadi hökmranlığına təhdid yaradacağı qeyd olunurdu.
Eyni zamanda, belə proqnozlar da vardı ki, Çin iqtisadi potensialını artırdıqca, bu istiqamətdə daha aqressiv addımlar atacaq. Təbii ki, bu proses sürətli baş vermədi, amma istənilən halda hazırkı vəziyyətin Çin üçün müəyyən üstünlükləri də var. Məsələn, neftin və digər resursların qiymətinin düşməsi Çin üçün sərfəlidir. Çin iqtisadiyyatı ideal vəziyyətdə olmasa da, bu amil ona bir qədər nəfəs almağa imkan verir”.
“Özlərini kifayət qədər inamlı aparırlar”
Ən vacib məqam odur ki, Çin ümumilikdə belə bir vəziyyətə psixoloji olaraq hazır idi:
“Onlar başa düşürdülər ki, gec-tez ABŞ-nin sərt mövqeyi ilə qarşılaşacaqlar. Bunu tam şəkildə qarşılayacaq səviyyədə hazır olmasalar da, bu gedişat onları qəfil yaxalamayıb. Ona görə də özlərini kifayət qədər inamlı aparırlar. Məsələn, nadir torpaq metallarının ixracını məhdudlaşdırıblar, demək olar ki, dayandırıblar. Bu, ABŞ üçün ciddi zərbədir. Çin, həmçinin ABŞ-dən LNG (mayeləşdirilmiş təbii qaz) alışı və “Boeing” təyyarələrinin sifarişindən də imtina edir. Bütün bunlar onu göstərir ki, Çin bu qarşıdurmada artıq təşəbbüskar addımlar atmağa başlayıb. Daha bir maraqlı məqam da var.
Bildiyimiz kimi, ABŞ-nin siyasəti əsasən Rusiyanı Çindən uzaqlaşdırmağa yönəlib. Lakin Amerikanın atdığı addımlar Çin və Rusiyanın bir-birinə daha da yaxınlaşmasına səbəb olur. Təkcə bir nümunəyə baxaq: hazırda Çin ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) idxalını rədd edib. Bu qərardan sonra Rusiya dərhal hərəkətə keçərək “Sibirin Gücü-2” layihəsinə yenidən qayıtmağı Çinə təklif edib. Və Çin həqiqətən də bu məsələyə qayıda bilər.
Əgər bu baş verərsə, mövcud “Sibirin Gücü-1” qaz kəmərinə əlavə olaraq, “Sibirin Gücü-2” də reallaşacaq. Bu isə, əksinə, Çin-Rusiya tərəfdaşlığının daha da güclənməsinə xidmət edəcək. Yəni, Rusiyanı Çindən ayırmaq cəhdləri əslində əks nəticə verir, ABŞ-nin siyasəti bu iki ölkəni bir-birinə daha da yaxınlaşdırır”.
Səbinə Uğur
"Cebheinfo.az"