Türk dünyası: Yeni geosiyasi reallıqlar və perspektivlər

Türk dünyası: Yeni geosiyasi reallıqlar və perspektivlər

"Azərbaycan Respublikası öz coğrafi mövqeyi, siyasi və iqtisadi potensialı ilə türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın inkişafına mühüm töhfələr verir”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

O bildirib ki, xüsusilə 2020-ci il Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra bölgədə yaranan yeni siyasi reallıqlar və dəyişən status-kvo bu əməkdaşlığın daha da dərinləşməsinə şərait yaratmışdır:

“Bu dəyişikliklər, xüsusilə iqtisadi və nəqliyyat-logistika sahələrində, türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır. Məhz Azərbaycanın coğrafi mövqeyi, onun regionda strateji körpü rolunu oynadığını bir daha sübut edir.

Türkiyənin şərqindən Gürcüstan üzərindən Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, eyni zamanda cənub-qərb istiqamətindən gələn nəqliyyat dəhlizləri məhz Azərbaycan ərazisindən keçir. Bu da Azərbaycanı Türk dünyasının iqtisadi və hərbi baxımdan aparıcı dövləti olan Türkiyə ilə Mərkəzi Asiyadakı tərəfdaşlar arasında qlobal ticarət sistemində əsas əlaqələndirici halqaya çevirir.

Bütün bu amillər Azərbaycanın yalnız coğrafi deyil, həm də siyasi və iqtisadi baxımdan önəmli rolunu təsdiqləyir və bu rol türk dövlətləri tərəfindən də yüksək qiymətləndirilir".

O qeyd edib ki, Prezident İlham Əliyev öz xarici siyasət kursunda Türk dünyası ilə münasibətlərin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmişdir: 

“2023-cü ildə keçirilmiş andiçmə mərasimində Prezident İlham Əliyev Azərbaycanın "Türk ailəsinin bir üzvü" olduğunu xüsusi vurğulamış və bu istiqamətdə siyasətin davam etdiriləcəyini bəyan etmişdir.Bu yanaşma son illərdə həyata keçirilən ardıcıl və sistemli diplomatik fəaliyyətlə öz təsdiqini tapmışdır. 

Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ideyası irəli sürülmüş və ilk belə tədbir Qarabağda - Şuşa şəhərində keçirilmişdir. Nəticədə Qarabağ Bəyannaməsi imzalanmış və daha sonra bu təşəbbüs Macarıstanda davam etdirilmişdir.

Macarıstanın Avropa İttifaqı və NATO üzvü olması fonunda türk dövlətləri ilə əməkdaşlıq etməsi xüsusi simvolik məna daşıyır. Bildirim ki, Vesprem və Şuşa şəhərləri qardaşlaşmış şəhərlərdir və bu, mədəni diplomatiya sahəsində də önəmli bir addımdır.

Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı statistik göstəricilərlə də təsdiqlənir. Şanlı zəfərdən sonra Azərbaycan rəsmiləri 20-dən artıq rəsmi və qeyri-rəsmi səfərlər həyata keçirmiş, eyni sayda da türk dövlətlərinin liderləri ölkəmizə səfər etmişdir. Bu intensiv siyasi dialoq məhz iqtisadiyyat, nəqliyyat, enerji və humanitar əməkdaşlıq sahələrində unikal imkanlar yaradır.

Azərbaycan həmçinin Mərkəzi Asiya dövlətlərinin Avropaya çıxış imkanlarının genişləndirilməsində də əsas rol oynayır. 2020-ci ildən sonra Avropa İttifaqı, xüsusilə də Macarıstanın təşəbbüsü ilə Mərkəzi Asiya regionuna 12 milyard avro həcmində sərmayə yatırılması planlaşdırılır.

Bu prosesdə nadir metalların ixracı və digər iqtisadi layihələr ön plandadır. Bu baxımdan Azərbaycanın malik olduğu nəqliyyat-logistika infrastrukturu Mərkəzi Asiya ilə Avropa arasında əsas bağlantını təşkil edir".

Millət vəkili vurğulayıb ki, türk dövlətlərini birləşdirən əsas dəyərlərdən biri də ortaq kimlik və mədəniyyətin təməlini təşkil edən türkçülükdür:

“Zaman-zaman müxtəlif siyasi məsələlərdə fikir ayrılıqları yaransa da, türkçülük ideyası bu dövlətlər arasında birliyi və həmrəyliyi təmin edən əsas mənəvi dayaqlardan biri kimi çıxış edir.

Türk Dövlətləri Təşkilatında hazırda iki müşahidəçi dövlət – Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti təmsil olunur. Şimali Kiprin təşkilatda öz tam adı ilə – "Şimali Kipr Türk Cümhuriyyəti" olaraq iştirak etməsi də bu ailəyə göstərilən dəstəyin təzahürüdür.

Azərbaycanın türk dövlətləri ilə ikitərəfli münasibətlərinə nəzər yetirdikdə görürük ki, bu əməkdaşlıq ardıcıl şəkildə inkişaf etmişdir. Azərbaycan Qazaxıstanla 2005-ci ildən, Türkiyə ilə 2021-ci ildən, Özbəkistanla isə 2024-cü ildən strateji müttəfiqlik səviyyəsində əməkdaşlıq edir. 

Türkmənistan və Qırğızıstanla isə strateji tərəfdaşlıq formatında əlaqələr mövcuddur. Bu münasibətlərin formalaşmasında Prezident İlham Əliyevin siyasi iradəsi və qarşı tərəfdəki liderlərin bu iradəyə verdiyi müsbət cavab mühüm rol oynamışdır.

Hazırda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ümumi gücü aşağıdakı göstəricilərlə ifadə olunur: 150 milyon nəfərdən artıq əhali, 1.5 trilyon ABŞ dollarına yaxın ümumi daxili məhsul və 4 milyon kvadrat kilometri aşan ərazi.

Bu göstəricilər təşkilatın potensialını və gələcək imkanlarını nümayiş etdirir. Təşkilatın institusional inkişafı və Azərbaycanın bu prosesdə fəal iştirakı gələcəkdə ikitərəfli uğurlu əməkdaşlıq modellərinin çoxtərəfli platformada da reallaşması üçün möhkəm zəmin yaradır".

Səbinə Uğur 
"Cebheinfo.az"