Bir sıra fauna növləri azad edilmiş ərazilərə QAYTARILACAQ

Bir sıra fauna növləri azad edilmiş ərazilərə QAYTARILACAQ

Bu il bir sıra fauna növlərinin azad edilmiş ərazilərə qaytarılması planlaşdırılır.

Bu barədə Cebhe.info-ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

Onun sözlərinə görə, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində layihələr davam etdirilir: "İşğal dövründə bioloji müxtəliflik komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində də bu layihələr həyata keçirilir və davamlı şəkildə icrası planlaşdırılır. Azad edilmiş ərazilərdə fauna növlərinin - ceyran, bezoar keçisi, Şərqi Qafqaz turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin cari il ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub. Ötən dövr ərzində balıq növləri və ceyranın populyasiyasının bərpası üçün işlər görülüb. Son iki ildə işğaldan azad edilmiş ərazilərdəki Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə qızılxallı forel balığının buraxılışı təşkil olunub, Cəbrayıl rayonunun ərazisində 33 baş ceyran tarixi areallarına qaytarılıb. Bu qəbildən olan bərpa layihələri növbəti dövrlərdə də həyata keçiriləcək".

A.Babayeva bildirib ki, Şərqi Qafqaz turu fərdlərinin Qarabağ və Şərqi Zəngəzur ərazisində əvvəllər məskunlaşdıqları areallarına qaytarılması üçün hazırlıq işlərinə başlanılıb: "İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyinin birgə fəaliyyəti nəticəsində xüsusilə ceyran, zubr kimi növlərin tarixi məskunlaşma yerlərinə qaytarılması prosesi də uğurla davam edir".

Cebhe.info