Gənc müəllimlər məktəb direktoru ola bilməyəcəklər

Gənc müəllimlər məktəb direktoru ola bilməyəcəklər

Son illər ölkənin ümumtəhsil məktəblərinə direktor təyini imtahan əsasında həyata keçirilir. 

Ötən 8 il ərzində məktəb direktorlarının seçilməsi ilə bağlı imtahanlarda 10 minə qədər namizəd iştirak edib. Bu illər ərzində 2000-ə qədər şəxs məktəbə direktor təyin olunub. Məktəb direktoru olmaq üçün namizədlərdən əsas tələb ali təhsil səviyyəsi üzrə pedaqoji təhsil və 5 illik bu sahə üzrə iş stajıdır.

Cari tədris ilində 175 nəfər ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə təyin edilib. Aprelin 15-də şagird sayı 150-500 arası olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üçün test imtahanı təşkil olunub. İmtahanda 1219 nəfər müraciətçidən 1 107-si iştirak edib.

Onlardan 601 nəfəri müsahibə mərhələsində iştirak etmə hüququ qazanıb. Müsahibədə uğur qazananlardan 77-si şagird sayı 150-dək, 98-i şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə təyin olunub.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, direktorların təyinatı məsələsinə yanaşmanı dəyişmək lazımdır: 

“Bu məsələyə dəfələrlə münasibət bildirmişəm. Hətta parlamentin komitə iclasında da bu mövzunu qaldırmışam. Düşünürəm ki, direktorların təyinatı məsələsinə yanaşmanı dəyişmək lazımdır. Direktorlar təyin olunarkən yalnız onların bilikləri deyil, eyni zamanda onların psixoloji vəziyyəti, keçmişi, rüşvətə meyilli olub-olmaması, xarakteri təyin olunmalıdır. Bununla yanaşı onların təcrübəsi də nəzərə alınmalıdır”. 

Deputat qeyd edib ki, direktor seçimində bir müddət məktəb direktor müavinlərinə üstünlük verilməlidir: 

“Təcrübəsiz və idarəçi işləməyən müəllim imtahan verib direktor seçilir daha sonra isə məktəbdə direktor vəzifəsində çalışır. Bu da öz növbəsində problem yaradır. Ona görə də imtahanlarda yalnız bilik yox, həmin şəxsin eyni zamanda idarəçilik qabiliyyəti, təcrübəsi nəzərə alınmalıdır. Hesab edirəm ki, direktor seçimində bir müddət məktəblərin direktor müavinlərinə üstünlük verilməlidir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə də məktəblərə direktorların təyini zamanı gənclərin təcrübəsinin olmaması barədə fikirlər səslənir.

Doğurdanmı, məktəb direktorların seçilməsində təcrübə əsas götürülməlidir? 

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, məktəb direktorlarının təyinatı ilə bağlı Təsil İşçilərinin Vahid Tarif- İxtisas Sorğu kitabçasında göstərildiyi kimi tələblər var: 

“Məktəb direktorları ali təhsilli, pedoqoji təhsilli və 5 il pedoqoji stajlı olmalıdır. Mən uzun müddətdir ki, direktor və direktor müavinlərinin hazırlığı ilə məşğulam. İndiyədək mənim qarşıma elə bir hal çıxmayıb ki, təyin olunan məktəb direktorunun pedoqoji təhsili, ya da ən azı 5 il pedoqoji ixtisas təcrübəsi olmasın. Dünyanın bir çox ölkələrində məktəb direktoru olmaq üçün 5 il pedoqoji staj irəli sürülür.

Gənclərin direktor təyin olunmasına müsbət baxıram, ancaq millət vəkili Ceyhun Məmmədovun sözlərində də müəyyən həqiqət var ki, bir çox hallarda seçilmiş şəxslər məktəblərə göndərilməzdən əvvəl 1 il əlavə olaraq təhsilə cəlb olunmalıdır. Bu xaricdə də var, məktəblərə direktorlar imtahanla seçilir və onları 1 il magistr proqramına cəlb edirlər, burada nəzəri-praktik bilikləri, məktəb işini tam öyrətdikdən sonra məktəbə göndərirlər.

Bizdə isə seçimdən dərhal sonra göndərirlər və bu da bir çox hallarda uyğun olmayan, gözləmədiyimiz nəticələrə gətirib çıxarır. Ona görə düşünürəm ki, yeni məktəb direktorlarını əlavə təhsilə cəlb edildikdən sonra məktəblərə göndərək. Əgər elə olarsa, neqativ hallar minimuma enər”. 

Ekspert deyir ki, direktor müavinlərinin məktəbə direktor təyin edilməsində burada yalnız təcübəni götürmək doğru olmaz:

“Çünki təcrübə hər şeyi həll eləmir. Azərbaycan təhsil sistemi ümumdünya təhsil sisteminə inteqrasiya olunmaq üçün çox ciddi islahatlardan keçir. Məktəb drektorlarının təcrübə ilə yanaşı müasir, nəzəri və xarici dil bilikləri, beynəlxalq dil proqramı da olmalıdır ki, məktəbin idarə edilməsi ilə bağlı bir beynəlxalq sistemə çıxa, mütaliə edə bilsin. Biz sadəcə təcrübəni götürməməliyik, o təcrübəni direktor işlədiyi müddətdə toplayıb”.

Nigar Abdullayeva
Cebhe.info