İctimai Birlik yeni layihəyə start verib

İctimai Birlik yeni layihəyə start verib

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi  1 iyun 2024-cü il tarixindən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası” adlı layihəyə start verib.  

"Cebhe.info" xəbər verir ki, layihə “Sağlam ruh, sağlam cəmiyyət naminə uşaqların psixoloji reabilitasiyası” adlı şüarla həyata keçirilir. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Üç aylıq layihə Gəncə şəhərində, Gəncə Uşaq Evində, həmin sığınacağa yerləşdirilən uşaqlarla  həyata keçirilir. Psixoloji reabilitasiyaya cəlb olunan uşaqlara ixtisaslı psixoloq tərəfindən 12 mövzu ətrafında psixoloji yardım göstəriləcəkdir. Birinci mövzu “uşaqlarda davranış pozuntularının müəyyən edilməsi və aradan qaldırılması” mövzusudur ki, bu mövzu ətrafında artıq valideyn himayəsindən məhrum olan uşaqlarla reabilitasiyaya başlanılıb, layihənin ilk seansı baş tutub.

Bildiyimiz kimi, davranış pozuntusu uşaq psixiatriyasında ən çox rast gəlinən diaqnozlardan biridir. Davranış pozuntuları müxtəlif psixi və fiziki səbəblərdən dolayı uşağın daxilində baş verənləri davranışlarına yansıtması nəticəsində meydana gəlir. 

Davranış pozuntuları ən çox oğlan uşaqlarında rast gəlinir. Bu pozuntuların inkişafı həm bioloji, həm də mühit təsirindən asılıdır. İnkişafın özü ilə gətirdiyi çətinliklərlə yanaşı ,uşağın həyatında baş verən dəyişikliklərin və neqativ hadisələrin də davranışlara böyük təsiri var. Davranış pozuntularının fizioloji proseslərdən və psixoloji xüsusiyyətlərdən asılı səbəbləri vardır. Bunlara yaşayış yerini, məktəbi dəyişdirmək, yeni bacı və ya qardaşın doğulması, ailə fərdlərinin itirilməsi, ata ananın ayrılığı və s. valideynlər tərəfindən atılmaq kimi hadisələr aiddir.Tədqiqatçılar bildirirlər ki,davranış pozuntusunun inkişafında əsas yeri tərbiyə tutur. Ailə,sosial mühit tərəfindən sevilən, dəstək görən, özgüvəni formalaşdırılmış uşaqlar isə belə hallara asanlıqla uyğunlaşa bilirlər.Valideyn dəstəyi olmadan, həyat təcrübəsi olmayan, güclü iradəyə malik olmayan uşaqlar isə bu barədə çətinlik çəkib uğursuzluqla üzləşirlər.
 Davranış pozuntularının diaqnostikası və aradan qaldırılması üçün Gəncə Uşaq Evində təşkil olunan ilk seansda ixtisaslı uşaq psixoloqu iki nəfər uşaqla məşğul oldu və onlarla ilkin müayinə apardı.

Müayinə zamanı uşaqlarla söhbətlər aparıldı, uşaqların hərəkətləri və davranışları izlənildi. Daha sonra sığınacaqda uşaqların qayğısına qalan tərbiyəçi və müəllimlərlə, müəssisənin psixoloqu ilə uşaqların emosional durumu müzakirə edildi. Bundan sonra artıq müəyyən olunmuş qaydalar əsasında digər mərhələlər həyata keçiriləcəkdir.

"Cebhe.info"