“Xalq Sığorta” ötən ili 12.2 mln. manat zərərlə bitirib

“Xalq Sığorta” ötən ili 12.2 mln. manat zərərlə bitirib

“Xalq Sığorta” ASC 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics xəbər verir ki, sığorta şirkəti ötən ili 12.2 mln. manat xalis zərərlə başa vurub. Halbuki, "Xalq Sığorta" 2021-ci ildə 5.03 mln. xalis məndəət açıqlamışdı. Böyük həcmdə zərərin əsas səbəbi xalis sığorta ehtiyatlarındakı mənfiyə doğru dəyişmədir.

Hesabat dövründə sığorta şirkətinin cəmi gəlirləri 16,2% azalaraq 31.77 mln. manata enib, birbaşa sığorta üzrə gəlirlər illik müqayisədə 18.6% artaraq 42.5 mln. manata yüksəlib, investisiya gəlirləri isə 14.5% azalaraq 1.95 mln. manata bərabər olub.

“Xalq Sığorta” ASC-nin cəmi xərcləri isə 33% artaraq həcmi 44 mln. manata yüksəlib. 2021-ci ildə bu rəqəm 32.97 mln. manat təşkil etmişdi. Şirkətin sığorta ödənişləri 2021-ci ilə nisbətən 20% artaraq 26.2 mln. manata, işlərin aparılması xərcləri isə 32,5% artaraq 10.22 mln. manata yüksəlib.

Bu il yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 2% artaraq 81,902 mln. manata çatıb.

Ötən ilin 12,2 mln. manatlıq zərəri sığorta şirkətinin bölüşdürülməmiş zərərini 3,7 dəfə artıraraq 16,758 mln. manata, cəmi kapitalını isə 22,7% azaldaraq 41,992 mln. manata endirib. Şirkətin cəmi öhdəlikləri isə 52,9% artaraq 39,910 mln. manata yüksəlib.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə məxsusdur.

Cebhe.info