Xaricdə təhsil: Hansı universitetlərin diplomları Azərbaycanda tanınır?

Son illər xarici ölkələrdə ali təhsil almaq istəyən vətəndaşlarımızın sayı artıb.
Sosial şəbəkələrdə insanların xaricdə təhsil almasına yardım edən çox sayda şirkət reklamları ilə də qarşılaşırıq. Lakin xarici ölkə universitetlərində təhsil almaq istəyənləri onların təhsil aldığı universitetin diplomunun ölkəmizdə tanınıb tanınmaması məsələsi narahat edir. Bəs xaricdə təhsil almaq istəyənlər Azərbaycanda diplomu tanınan ali məktəblərin siyahısı ilə necə tanış ola bilər?
Elm və Təhsil Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, bunun üçün Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminatı Agentliyinin saytından məlumat almaq mümkündür.
Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının ölkə ərazisində tanınması prosesini 2003-cü ildən Təhsildə Keyfiyyət Təminatı Agentliyi həyata keçirir. Lakin araşdırmalardan belə nəticəyə gəlinir ki, Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikası ərazisində diplomları tanınan təhsil müəssisələrinin xüsusi siyahısını müəyyənləşdirməyib. Buna səbəb xarici ali təhsil ixtisaslarının ölkəmizdə tanınmasına fərdi qaydada baxılmasıdır.
ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) şəbəkəsinin rəsmi internet səhifəsinə daxil olmaqla və ya seçəcəyiniz ölkənin yerli akkreditasiya orqanlarına müraciət etməklə həmin ölkə tərəfindən tanınan və akkreditə olunan təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür. Bəs hansı halda xarici ölkədə ali təhsil aldığımız haqda sənəd tanınmaya bilər?
Bu qaydalar "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi - nostrifikasiyası - Qaydaları"-nda öz əksini tapıb. Yəni xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün müddət Azərbaycanda təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə həmin sənədin verdiyi hüquqlar Azərbaycanda müvafiq sənədin verdiyi hüquqlardan az olduqda, xarici ölkələrdə verilən təhsil ixtisaslar üzrə əyani-qiyabi olduqda, lakin Azərbaycanda həmin iixtisas üzrə belə təhsil formasına yol verilmədikdə, sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu - məsələn, təhsil müddətində ciddi fərqlər, təhsil formasının distant olması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və s. aşkarlandıqda həmin sənədin tanınmasından imtina edilir. Xatırladaq ki, xarici ölkələrdə ali təhsil ixtisasına sahiblənənlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməlidirlər.
Ərizələrin qəbulu yalnız elektron qaydada, agentliyin saytındakı şəxsi kabinet vasitəsilə həyata keçirilir. Müraciət üçün tələb olunan sənədlərin siyahısıTəhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsində göstərilib. Dövlət proqramları, o cümlədən hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil almış şəxslər də diplomlarının Azərbaycanda tanınması üçün müraciət etməlidirlər. Ərizələrə bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı məlumata görə, 2017-ci ildən etibarən diplomların Azərbaycanda tanınması ilə bağlı verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir. Bunlar, əsasən, Ukraynada fəaliyyət göstərən Regionlarası Heyətin İdarəolunması Akademiyası, S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, Karazin adına Xarkov Milli Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universitetidir. Bununla yanaşı, Gürcüstan və Rusiya Federasiyasının bir neçə universitetinin də diplomları tanınmayıb. Bunlar Avropa Universiteti, Gürcüstan Texniki Universiteti və Rusiya Federasiyasında İvanovo Dövlət Universiteti, Dağıstan Dövlət Pedaqoji Universitetləridir.
Günay Şahmar
Cebhe.info