Ermənistanın havadarlarına mesaj: “Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil”

Ermənistanın havadarlarına mesaj: “Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak edib.

Daha sonra dövlətimizin başçısı xalqa müraciəti zamanı bir sıra məsələlər toxunub. 

Ölkə başçısı bildirib ki, "Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə “soyuq müharibə” elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq.

Otuzillik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq".

Azərbaycan ziyalıları, millət vəkilləri də bu fikirdədir ki, Ordumuz yenilməzdir, hər bir təxribata cavab verəcək qüvvəsi var.

Millət vəkili Naqif Həmzəyev "Cebheinfo.az"-a bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünən Zəfər parkının və Zəfər abidəsinin açılışını etdi:

"Eyni zamanda Azərbaycan Dövlət Bayrağı Meydanı da ziyarət olundu və yenidən tərtib edilmiş Bayraq Muzeyi ilə tanış oldu. Xalqa müraciət edən Prezident İlham Əliyev xalqı Zəfər bayramının 4 illiyi münasibətilə təbrik etdi və ölkə başçısı çox maraqlı açıqlamalar etdi.

Təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanması, zəfər çalması regionda yeni reallıqlar yaratması Ermənistan və onun havadarları tərəfindən qəbul edilmir. Onlar faktiki olaraq bu reallığı görməzdən gəlirlər.

Xüsusilə də Ermənistanın Qərbdən olan havadarları onları açıq şəkildə  silahlandıraraq Ermənistanı yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək və münaqişəni alovlandırmaq məqsədi daşıyırlar.

Ancaq Azərbaycan Ermənistanın və onlara dəstək verən Qərb dairələrinin bütün addımlarını yaxından izləyir və baş verə biləcək bütün təxribatların qarşısını almaq gücündədir. Biz heç bir zaman müharibə istəməmişik. Müharibəni başladan da, Azərbaycan torpaqlarını işğal edən də məhz Ermənistan və onlara dəstək verən qüvvələr olub.

Bu gün də eyni siyasəti yerinə yetirməklə Ermənistan və Qərb dairələri heç nə əldə edə bilməyəcəklər. Onlar unutmamalıdırlar ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan regionun ən güclü Ordusuna malikdir. Dünya orduları sırasında 29-cu yerdə dururuq. Bütün bunlarla yanaşı Azərbaycan Ordusunu 44 günlük Vətən müharibəsindən sonra daha da gücləndirib. 

Biz Türkiyə ordu modeli əsasında komando tipli ordu qura bilmişik və ən müasir texnikalar bizim ordumuzda mövcuddur. Ən əsası odur ki, Azərbaycan Ordusu qəhrəmanlıq ruhuna və türk qanına sahibdir. Bu isə o deməkdir ki, bizim qarşımızda heç bir qüvvə dura bilməz. 

Bizim üçün torpaq ən müqəddəsdir, qəhrəman zabit və əsgərlərimiz torpaq yolunda şəhid oldular. Bu baxımdan da Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında sülhün imzalanmasından başqa Ermənistanın daha əlverişli, daha yaxşı alternativi yoxdur. Qərb dairələri də bunu dərk etməlidirlər və Ermənistana Azərbaycanla sülh imzalamağa qətiyyən maneəçilik törətməməlidirlər. Azərbaycan keçmişdə baş verənləri unutmur. 

Azərbaycan bizə qarşı törədilmiş bütün cinayətləri yaxşı xatırlayır. Ancaq bütün bunlara baxmayaraq biz irəli, gələcəyə baxmağa hazırıq. Bir şərtlə ki, Ermənistan haqq yoluna gəlsin, silahlanmanı dayandırsın, Azərbaycana qarşı ərazi iddialarından əl çəksin. Ermənistan və havadarları Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etsin. Biz inanırıq ki, gec-tez belə də olacaq. 

Sadəcə olaraq, bu gün baş verə biləcək istənilən təxribata qarşı biz hər an hazır olmalıyıq. Birliyimizi, bərabərliyimizi qorumalıyıq. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Bu birliyimiz bizim gücümüə güc qatır. İnanıram ki, bu birlik sayəsində daha böyük zəfərlərə imza atacağıq. Zəfər bayramımız, Dövlət Bayrağı Günümüz mübarək olsun!".

Nigar Abdullayeva
"Cebheinfo.az"