Rusiyadan Qarabağla bağlı ikibaşlı fikirlər:Kreml yeni plan qurur

Rusiyadan Qarabağla bağlı ikibaşlı fikirlər:Kreml yeni plan qurur

“Rusiya və Azərbaycan Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində belə deyib. “Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”,- deyə diplomat bildirib. 

Yevdakimov Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 2025-ci ildə başa çatacağını xatırladıb. Səfir qeyd edib ki, Bakı bölgənin bütün ərazisinə nəzarəti bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib:

“Hazırda antiterror tədbirləri başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni tikililəri mühafizə edir”. 

Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin fevralın 10-da Azərbaycan mediasına müsahibəsində sülhməramlıların Qarabağda olması şərtlərinin yalnız Azərbaycanla müzakirə ediləcəyini deyib. 

“Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, - o deyib. 

Lakin Qaluzin Azərbaycanda ciddi narazılığa səbəb olacaq fikirlər söyləyib.

“Rusiya Qarabağ ermənilərinin arzu etdikləri təqdirdə onların bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazırdır. Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımı qaydada təmin etməklə, geri qayıtmasına şərait yaradılması vacibdir. Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsilə”, - Qaluzin bildirib. 

Qeyd edək ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti 2025-ci ildə başa çatır. Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndinə görə, sülhməramlı qüvvələrin fəaliyyətinə xitam verilməsi üçün kontingentin qalma müddətinin bitməsinə 6 ay qalmış tərəflərdən hər hansı biri çıxış etməlidir. 

Əks təqdirdə, bu müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Yəni sülhməramlı qüvvələrin çıxarılması ilə bağlı Azərbaycan tərəfi 2025-ci il may ayının 10-dan gec olmayaraq Rusiya tərəfinə müraciət edilməlidir. Həm Qaluzinin, həm də Yevdakimovun açıqlamaları Rusiyanın XİN səviyyəsində sülhməramlıların fəaliyyət müddəti ilə bağlı danışıqlara başlanılıb. 

Səfirin sözləri Qaluzinin məhz bugünlərdə verdiyi müsahibənin təsadüf olmadığını göstərir. Nazir müavininin açıqlaması Rusiyanın hərbi kontingentini Azərbaycan ərazisindən çıxartmaq niyyətində olmadığını göstərir. Ancaq sülhməramlıların ikinci müddətə bölgədə qalması üçün də hər hansı zərurət də yoxdur. Azərbaycan Ordusunun 2023-cü il sentyabr ayının 19-20-də keçirdiyi antiterror əməliyyatı, separatçı rejimin ləğvi, ermənilərin könüllü şəkildə kütləvi köçməsindıən sonra sülhməramlı missiyaya ehtiyac qalmayıb. Artıq Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə dövlət suverenliyini tam bərpa edib. 

Fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri zamanı işğaldan azad edilmiş bütün ərazilərdə səsvermənin baş tutması ilə həmin bölgələrdə konstitusiyadan irəli gələn suveren hüquqlar təsbit edilib. 

Ona görə də həmin ərazilərdə yurisdiksiyasını tam bərpa etdiyi üçün təhlükəsizliyi və sabitiliyi təmin edir. Hətta ötən ilin oktyabr ayında sülhməramlı qüvvələrin hərbi və zirehli texnikasının xeyli hissəsinin Azərbaycandan çıxarılması, postların sayının 32-dən 18-ə endirilməsi Rusiya hərbçilərinə bölgədə ehtiyac qalmaması ilə bağlı idi. İndi isə bölgədə vəziyyət Azərbaycanın nəzarətindədir. Rusiya sülhməramlılarının 2025-ci ildən də tez müddətdə Azərbaycanı tərk etməsi üçün kifayət qədər əsaslar formalaşıb. Çox güman ki, Azərbaycan hərbi kontingentin ölkədən çıxarılması üçün Rusiya qarşısında məsələ qaldıracaq. 

Səfir Yevdakimovun açıqlaması da artıq bu istiqamətdə müzakirələrin başlandığını deməyə əsas verir. Lakin Qaluzinin ritorikası Rusiyanın sülhməramlıları Qarabağda saxlamaq niyyətindən xəbər verir. Əslində, Rusiyanın sülhməramlı kontingentlə bağlı planı 2020-ci ildən məlum idi. Rusiyanın Xocalıda hərbi baza yaratlaq niyyəti barədə xəbərlər dolaşırdı. 10 noyabr Bəyanatında sülhməramlı kontingentin şəxsi heyətinin 1960 nəfər təşkil etdiyi göstərilsə də, Rusiyanın bölgəyə razılaşmada nəzərdə tutulandan bir neçə dəfə çox hərbçi gətirməsi barədə məlumatlar var idi. 

Rusiyanın bununla bağlı planları ilk dəfə 2022-ci ildə Prezident Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Soçidə təşkil olunan görüşü ərəfəsində üzə çıxdı. Məlum oldu ki, Rusiya Ermənistana sülhməramlı qüvvələrin 10 ildən 20 ilədək Azərbaycan ərazisində qalması barədə təklif göndərib. Baş nazir Nikol Paşinyan bu təklifə razı olduğunu bildirdi. Azərbaycan isə Rusiyanın bu təşəbbüsünü qəbul etmədi. Ötən il Azərbaycanın antiterror əməliyyatından sonra status-kvonun ləğvi Rusiyanın planlarını tamamilə pozub. Lakin Rusiya sülhməramlıların bölgədə qalması üçün vəziyyəti dəyişəcəyinə ümid edir. Hərbi kontingentin bölgədə mövcudluğu üçün münaqişə lazımdır.

Bu baxımdan, Mixail Qaluzinin Ermənistana mesaj verdiyini açıq görmək olar. Xarici işlər nazirinin müavini sülhməramlıların qalacağı halda ermənilərin Qarabağa qaytarılması və təhlükəsizliyi məsələlərinə Rusiyanın dəstək verməyə hazır olduğuna işarə edir. Yəni Qaluzin Ermənistana siyasi bazarlıq təklif edir və Qərbyönlü siyasi kursdan imtina edib Rusiya ilə anlaşacağı halda, Qarabağda erməni separatizminin dirçəlməsinə yardım ediləcəyini demək istəyir. 

Bu isə növbəti müddətə sülhməramlıların Qarabağda qalması üçün əsas yarada bilər. Təxribat baş verməsə, hərbi kontingent Azərbaycan ərazisini tərk etməli olacaq. Paşinyan hakimiyyəti isə sülhməramlılarla bağlı razılaşmanın Ermənistana aiddiyəti olmadığını, Azərbaycan və Rusiya arasında həll edilməli olduğunu bildirir. 

Digər tərəfdən, ermənilər kütləvi şəkildə Qarabağa qayıdarsa, Azərbaycan da sülh müqaviləsində azərbaycanlıların Ermənistana dönməsi məsələsini qaldıra bilər. Ona görə də Ermənistanın bu məsələdə Rusiya XİN-ə istədiyi cavabı verəcəyi real görünmür. 

Müşfiq Abdulla 
“Cebhe.info”