Bakıda bu şəxslərə 40 manat cərimə yazılır

Bakıda bu şəxslərə 40 manat cərimə yazılır

Son aylar paytaxtda velosiped zolaqları artırılır. 

Belə ki, Bakı şəhərində 2040-cı ilədək ilkin olaraq şəhərin mərkəzi hissəsi üzrə uzunluğu təqribən 10 km velosiped zolağının təşkil edilməsi nəzərdə tutulur (yolun orta xətti ilə qəbul edildikdə təqribən 6 km). Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır. Velosiped zolaqlarının  artırılsa da, şəhəri mərkəzi hissələrində nəqliyyat sıxlığı olduğu üçün avtomobillər həmin zolaqlara daxil olur.

Avtomobilərlə yanaşı, velosiped zolağı ilə piyadalar da hərəkət edirlər. Bəs qanunda bu məsələ haqqında nə deyilir? Velosiped zolağına daxil olan sürücüləri və piyadaları nə gözləyir? 

Məsələ ilə bağlı Bakı şəhəri Baş Dövlət Yol Polisinın Baş inspektoru Araz Əsgərli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, velosiped zolağına daxil olan ister sürücü, istər piyada İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələnir: 

“Velosiped zolağının öz standartı var və ora avtobus, maşın daxil ola bilməz. Velosiped zolağı digər yol-hərəkət iştirakçılarının daxil olmaması üçün mühafizə olunur. Həmin zolaq mühafizə olunmayıbsa belə, orada maşın saxlamaq və ya ora təyinatı olmayan şəxslərin daxil olması yolverilməzdir. Bu baş verərsə, dayanma-durma tələbinin və ya nişanın tələbinin pozulması kimi qiymətləndiriləcək. Velosiped zolağı olması ilə bağlı nişan qoyulubsa, təyinatı üzrə olmayan nəqliyyat vasitələri həmin əraziyə daxil ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə əsasən, eynilə avtobus zolağında olduğu kimi, velisiped zolağında da bu hal baş verərsə, 40 manat cərimə edilir”. 

O qeyd edib ki, moped velosiped zolağına daxil ola bilər: ““Yol hərəkəti haqqında” Qanunun 46-cı maddəsində velosipedçilərlə mopedçilərin hüquqları bərabərdir. Motosiklet isə velosiped zolağına girə bilməz. Çünki motosikletlər mexaniki nəqliyyat vasitəsi kimi avtomobillərə bərabər hüquqlar daşıyır yəni onlar tamhüquqlu nəqliyyat vasitəsi hesab olunur”. 

Həsən Məmmədov 
“Cebhe.info”