Gənclərin xaricə köçü: Kadr çatışmazlığı yaranacaq
Son illər Azərbaycandan xaricə təhsil almaq, işləmək və ya daimi yaşamaq məqsədilə gedən gənclərin sayı ilə bağlı müzakirələr daha da intensivləşib.
Qloballaşma, daha yüksək gəlir imkanları, keyfiyyətli təhsil və karyera perspektivləri bir çox gəncin xarici ölkələrə üz tutmasına səbəb olur. Bu proses fərdlər üçün yeni imkanlar yaratsa da, ölkənin əmək bazarı və iqtisadi inkişafı baxımından müəyyən suallar doğurur.
Xüsusilə ixtisaslı və peşəkar kadrların xaricə yönəlməsi gələcəkdə əmək bazarında boşluqların yaranmasına, bəzi sahələrdə işçi çatışmazlığının dərinləşməsinə və məhsuldarlığın azalmasına səbəb ola bilər.
Digər tərəfdən, xaricdə təhsil və təcrübə qazanan şəxslərin ölkəyə qayıdaraq iqtisadiyyata töhfə verməsi ehtimalı da mövcuddur. Gənclərin xaricə köçü Azərbaycanın iqtisadi inkişafına hansı təsirləri göstərə bilər?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, gənclərin xaricə təhsil və iş məqsədilə köçü qısa müddətdə fərdi imkanları genişləndirsə də, uzunmüddətli dövrdə ölkə üçün həm müsbət, həm də mənfi nəticələr yarada bilər.

“Əgər bu proses kütləvi xarakter alarsa və geri dönüş zəif olarsa, əmək bazarında ixtisaslı kadr çatışmazlığı yarana bilər. Bu isə xüsusilə səhiyyə, mühəndislik, İT və təhsil kimi sahələrdə məhsuldarlığın azalmasına, innovasiya tempinin zəifləməsinə və iqtisadi artımın potensialının məhdudlaşmasına səbəb ola bilər.
Digər tərəfdən, xaricdə təhsil alan gənclər geri qayıdıb bilik və təcrübələrini ölkədə tətbiq etdikdə bu, insan kapitalının keyfiyyətini artıran mühüm amilə çevrilir. Gənclərin ölkədə qalmasını və ixtisaslı kadrların saxlanmasını təmin etmək üçün ilk növbədə əmək bazarında rəqabətli və ədalətli mühitin formalaşdırılması vacibdir.
Yüksək ixtisaslı iş yerlərinin artırılması, maaşların mərhələli şəkildə əmək məhsuldarlığına uyğunlaşdırılması və karyera inkişafı imkanlarının genişləndirilməsi əsas iqtisadi mexanizmlərdən hesab olunur. Eyni zamanda, innovativ sektorların, startap ekosisteminin və özəl biznesin inkişafı gənclər üçün daha cazibədar iş imkanları yaradır.
Sosial mexanizmlər baxımından təhsil və elm sahəsinə investisiyaların artırılması, universitetlərin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin yüksəldilməsi və gənclər üçün elmi-tədqiqat imkanlarının genişləndirilməsi mühüm rol oynayır.
Mənzil şəraiti, sosial təminatlar və ailə dəstəyi proqramları da gənclərin ölkədə uzunmüddətli karyera qurmasına təsir edən amillərdir”. İqtisadçı qeyd edir ki, bu prosesin idarə olunması üçün həm iqtisadi motivasiya, həm də sosial mühitin inkişafı paralel şəkildə həyata keçirilməlidir. "
Aişə Abdulova
“Cebheinfo.az”

